Firavan cəmi 19 il yaşadı, amma adını İkinci Qarabağ müharibəsinin qəhrəmanı kimi tarixə də, ürəklərə də yazmağı bacardı və elə Vətən mülkünün firavanlığı naminə öz həyatını qurban verdi. Qələbənin böyüklüyünü qanı axıb torpağa qarışınca hiss etdi, sonuncu dəfə uzaqlara dikilən baxışları ilə qapqara torpağın gülzara çevrildiyini gördü. Əbədiyyət yolçusu olmazdan öncə doğma Vətəninə əbədiyyət bəxş etdi, ailənin yeganə oğlu idi, indi isə bütün xalqın oğludur Firavan!.. Azadlığı yolunda gənc ömrünü fəda etdiyin Vətən səni heç vaxt unutmayacaq, igid əsgər…
Əsgərov Firavan Xanbala oğlu 2001-ci il martın 14-də Sabirabad rayonunun Surra kəndində anadan olub. Orta təhsilini də elə M.Babayev adına Surra kənd tam orta məktəbində alıb. Məktəb illərindən zəhmətkeşliyi ilə seçilib. Hələ uşaq ikən texnikaya böyük marağı olub, ekskovatorçu olan atasına kömək edin atası da ona özünün “çörək ağacı” adlandırdığı maşını idarə etməyi öyrədib. Artıq 14 yaşından ekskovatoru sərbəst idarə etməyi bacarırdı. Sürücülük vəsiqəsi də almışdı. Atası ilə 18 yaşına kimi “Şirvan-Neftçi İnşaat” və “Kür-Araz MMC” də birgə işləyib, 2019-cu ilin aprel ayında isə Vətənə borcunu ödəmək üçün həqiqi xidmətə yollanıb.
Xidmət dövrünü N saylı hərbi hissədə, sonra isə Xüsusi Təyinatlı Qoşunların sıralarında keçib. Burada o, həm baş sürücü kimi hərbi hissənin Rabitə Tibbi Yardım və Rabitənin Zirehli maşınını idarə edib, həm də mexanik kimi xidmət göstərib. Tovuz hadisələrində iştirak edən xüsusi təyinatlı əsgər, sonra İsmayıllı rayonunda Türkiyə və Pakistan hərbçiləri ilə iki aylıq çətin döyüş təlimi kurslarını uğurla başa vuraraq 2020-ci il sentyabr ayının 24-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə göndərilib. Vətən müharibəsində yaxından iştirak edib. Oktyabr ayının 20-dək çoxlu sayda çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edən Xüsusi Təyinatlı Firavan Əsgərov Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayon qəsəbə və kəndlərinin də düşməndən azad olunmasında xüsusinqəhrəmanlıq göstərib. Hadrut qəsəbəsinin azad edilməsi istiqamətində oktyabrın 20-də gecə ikən komandanlıqdan xüsusi tapşırıq alan 17 nəfərlik dəstə ərazidə əlverişli mövqe tutub və iki döyüşçü, biri Firavan Əsgərov olmaqla düşmən mövqelərini təyin etmək məqsədilə kəşfiyyata göndərilib. Səhərüzü tapşırığı icra etmək üçün yollanan kəşfiyyatçılar yaxınlıqda ermənilərin gizləndiyi məkanı aşkar edib. Firavan, məlumatı döyüş yoldaşlarına çatdırmaq üçün gedən kəşfiyyatçı dostunu gözləmədən əvvəlcə qəfil atəşlə erməniləri çaş-baş salıb, sonra isə onların içərisinə atılaraq əlbəyaxa döyüşə başlayıb.Uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə seçilən Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgər və zabitini məhv etsə də, bu onun son döyüşü olub, aldığı ağır güllə yarasından şəhidlik məqamına ucalıb. Əsgərov Firavan Xanbala oğlu Surra kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” , “Vətən Uğrunda, “ Cəbrayılın azad edilməsinə görə” , “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ