30.06.2025, 10:02
AZ EN
16.02.2024, 15:13 366

Ağdamın Kəngərli kəndində su, kanalizasiya və qaz xətti qurulur

XƏBƏRLƏR

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaxın vaxtlarda Ağdam rayonunun Kəngərli kəndində su, kanalizasiya və qaz xəttinin çəkilməsinə start veriləcək.

"Vətən səsi" xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı açıq tender elan edib. Tender elanında Ağdam rayonunun Kəngərli kəndində sahədaxili mühəndis kommunikasiyaları (su və kanalizasiya xətləri, qaz xətti) işlərinin satın alınması nəzərdə tutulub. Sözügedən mühəndis işlərini həyata keçirmək istəyən iddiaçı şirkətlər cəmi 1000 manat məbləğində iştirakhaqqı ödəməklə müsabiqəyə qatıla bilər. Xidmətlərə Ağdam rayonunun yeni hazırlanmış
Baş Planına uyğun olaraq su təchizatının xarici şəbəkələrinin, sahədaxili su təchizatı və kanalizasiya sisteminin, habelə kanalizasiyanın xarici şəbəkələrinin və sahədaxili qaz təchizatının qurulması aiddir.

İddiaçı şirkətlər təqdim olunan layihə-smeta sənədlərində icra müddətində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün tələb olunan müvəqqəti binalar və qurğuların qurulmasına sərf olunacaq əlavə xərcləri də nəzərə almalıdır.

Xatırladaq ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Belə ki, burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Kəngərli kəndinin bərpası və yenidən qurulması işlərinə Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci ilin noyabrında keçirilən təməlqoyma mərasimindən sonra başlanıb. Kənddə tikinti işlərinin bu ilin aprelin 10-da tamamlanması nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər