19.08.2025, 18:41
AZ EN
30.01.2024, 12:27 360

Bu gün Şəhid gizir Tahir İsmayılovun doğum günüdür

XƏBƏRLƏR
  • 30 ilə yaxın düşmən tapdağında qalan doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də gizir Tahir Niyazi oğlu İsmayılovdur.

Bu gün unudulmaz şəhidimizin doğum günüdür. O, 1988-ci il Qazax rayonunun Sofulu kəndində anadan olub. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi, Qazax Dövlət Sosial-İqtisadi Kollecini bitirib. 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) təlim keçdikdən sonra N saylı hərbi hissədə gizir kimi xidmət edib. Gizir Tahir İsmayılov 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb.

"N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini, gizir Tahir İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. O, Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut istiqamətlərində gedən döyüşlərdə vuruşub. Oktyabrın 25-də Qubadlının azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhid gizir Tahir İsmayılov oktyabrın 26-da doğma Qazax rayonunun Xanlıqlar kənd məzarlığında böyük izdihamla dəfn edilib.

Şəhidimiz ailəli idi, onun iki oğul övladı Vətənə yadigar qalıb. 

Gizir Tahir İsmayılov xidməti dövründə öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi. 

Qəhrəman şəhidimiz Vətən müharibəsində göstərdiyi şücaətlərə görə də ölümündən sonra ölkə başçısı Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncamlara  əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər