Otuz beş ildir ki, doğma yurdun həsrətini çəkən Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsindəki Yanıqpəyə icmasının bu dəfəki ümumi toplantısı Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yenidən və həmişəlik həmin vəzifəyə layiq olduğuna dəstək verilməsinə həsr olunmuşdu. Ulu Öndərimiz Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi böyük ehtiramla anıldıqdan sonra sözügedən İcmanın sədri Zaur Sərdarov, Ağsaqqallar Şurasının sədri Ələkbər Murğuzov, Ziyalılar Şurasının sədri Tahir Süleymanov, Qadınlar Şurasının sədri Rafiyə Sərdarova, Çəmbərək İcmasının Qadınlar Şurasının sədri Məhluqə Qaramanlı, Gənclər təşkilatının sədri Pirməmməd Xəlilov və başqaları bildirmişlər ki, Cənab İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuzun igidliyi sayəsində Azərbaycanımızın ərazi bütövlüyü təmin edilib. Ermənilərin xarabalığa çevirdiyi yerlərdə indi sürətli tikinti, abadlaşdırma işləri aparılır. Məcburi köçkünlər doğma yurdlarına qayıdırlar və bu, sağlam düşüncəli hər kəsi sevindirir.
Növbədənkənar seçkilərə yarım ay qaldığını və bu dəfə də həmişə olduğu kimi hamılıqla Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayan yanıqpəyəlilər məhz Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində doğma kəndlərinə qayıdacaqlarına, həsrətə son qoyulacağını əminlik ifadə ediblər.
N.Qaramanlı