Elçinin anası deyir ki, Vətən müharibəsi başlayanda oğlum gəlib bizimlə görüşdü, əlimdə su onu yola salırdım. Elçin bir də qayıdıb məni qucaqladı. Dedi ki, ana, mənə etdiklərini halal elə...
Elçinin həyat yoldaşı Kifayət Cəbrayılova da ondan ürəkdolusu, can yanğısı ilə danışır: “O, uşaqla uşaq, böyüklə böyük idi, cəbhədən zəng edəndə deyirdi ki, hər şey yaxşı olacaq...”
Bu gün qəhrəman şəhidimiz kiçik çavuş Elçin Surxay oğlu Cəbrayılovun doğum günüdür. O, 1982-ci il yanvarın 10-da Sumqayıt şəhərində anadan olub. 1988-1999-cu illərdə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsil alıb. 2007-2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yangınsöndürən, daha sonra isə böyük yangınsöndürən vəzifəsində çalışıb. 2015-ci ildən könüllü olaraq müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb. Atası Surxay Cəbrayılov da Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.
Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq şücaətlər göstərib.
Elçin Cəbrayılov oktyabrın 21-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb. Onlar da ataları ilə fəxr etdiklərini deyirlər.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD