Atası doğma balasından danışdıqca qürurlanır. Deyir ki, oğlumuz qəhrəmancasına şəhid olub. Nicat 30 illik Vətən həsrətinə son qoyanlardan biridir. O, öz qanıyla həsrətində olduğumuz torpağa məlhəm oldu...
Bu gün Vətən müharibəsində qəhrəmanlığı dillər əzbəri olan motoatıcı əsgər, şəhid Nicat Səməd oğlu Nəsibovun doğum günüdür. O, 1996-cı il oktyabrın 3-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2003-2014-cü illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb.
2014-2019-cu illərdə fasilələrlə Gəncə Regional Kollecində təhsil alıb. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurub. Nicat Nəsibov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində ordumuzun əsgəri Nicat Nəsibov da səfərbər olub. O, Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Onun son döyüşü oktyabrın 27-də Laçın dəhlizində olub.
Şəhidimiz böyük izdihamla doğma Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
Nicat Nəsibov ölümündən sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə”medalları ilə təltif edilib.
Qəhrəman şəhidimizin unudulmaz işıqlı xatirəsini əbədiləşdirmək üçün doğulduğu kənddə yaşadığı evin qarşısında bulaq inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Nicat balamız!
Mina RƏŞİD