19.08.2025, 18:39
AZ EN
15.08.2023, 11:52 391

Sağ ikən evlərinə şəhid xəbəri gələn qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Sabir Hikmət oğlu Salahovun doğum günüdür. O, 1999-cu ildə Salyan şəhərində sadə bir ailədə dünyaya göz açıb. Ailədə 2 qardaş olublar. Anası deyir ki, Sabir kişik yaşlarından qorxmaz və mərd idi. Onun hələ uşaqlıqdan idmana xüsusi həvəsi vardı. Şahmat və güləş hazırlıqlarına gedirdi. Ona şahmat yarışlarında qazandığı uğurlara görə verilən hədiyyələr - stolüstü saat və at fiquru hələ də evimizin ən əziz bəzəyidir.

Sabir Salahov 2016-cı ildə Salyan şəhərindəki 3 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini cəbhə xəttində yerləşən Ağcabədi rayonunun Qiyamadınlı kəndindəki  “Qartal” postunda başa vurub. Hərbi xidmətini bitirdikdən sonra valideynlərinə bildirib ki, vətən torpaqları işğalda olduğu halda mən Salyanda qala bilmərəm. Qərara gəlmişəm ki, Vətənin müdafiəsinə yollanım. Bu məqsədlə də 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətə başlayıb. O, Fizuli rayonunda düşmənlə təmas xəttində Vətənə xidmət edirdi.
“Sentyabrın 27-də, müharibə başlayan gün Sabir zəng vurdu, dedi ana, məndən nigaran qalma. Şəhid olsam üzülmə, təki Vətən sağ olsun...”, -şəhid anası göz yaşları içində bunları deyir.
Atası: “Sabir zəng vuranda dedi ata, darıxma. Müharibə hökmən bizim qələbəmizlə başa çatacaq, mən bu sözü sənə döyüşçü kimi deyirəm. Düşmən qabağımızda duruş gətirə bilmir, qaçır...”
Vətən müharibəsi başlayandan bir neçə gün sonra, oktyabrın əvvəlində Salyanda xəbər yayılır ki, Sabir şəhid olub. Amma tezliklə bu xəbər yalan çıxır. Məlum olur ki, Sabir döyüşlərdən birində öz “buşlat”ını şəhid olmuş yoldaşı Səyyadın üstünə örtüb və döyüşü davam etdirib. Səyyadın üstünə örtülən “buşlatda” Sabirin ad-soyadını oxuyublar və onun şəhid olduğunu evlərinə xəbər veriblər...
Həmin anda isə Sabir döyüş yoldaşları ilə Fizuli rayonunun Horadiz qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə göstərdiyi şücaətlərlə Azərbaycanın Zəfər salnaməsinə öz imzasını atırdı. O, Horadizdə ilk Bayrağımızı ucaldanlardan biri olmuşdu. Oktyabr ayının 5-i isə Sabirin son döyüşü olur. O, Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, “Buqra dərəsi” deyilən yerdə qəhrəmancasına şəhadətə ucalır. Şəhidimiz oktyabrın 6-da doğma Salyan şəhərində böyük izdihamla torpağa tapşırıldı.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası deyir ki, Sabir kimi balanı itirmək çətindir, çox çətin. Onun bütün sirri-sözü mənimlə idi, ürəyi arzularla doluydu balamın. Amma mənə təskinlik verən odur ki, Sabir Vətən torpaqlarının azad edilməsi uğrunda qurban getdi. Hərbçi peşəsini özü seçmişdi və bütün çətinlikərinə baxmayaraq həmişə deyirdi ki, bu yolu tutduğuma qəti peşiman deyiləm. Deyirdi ki, şəhid olsam da özümdən sonra sizə şərəfli bir ad qoyub gedəcəm...
Doğrudan da, adın çox şərəflidir, qəhrəman Şəhidim.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Sabir balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər