Bunu "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Marko Tonequtti bildirib.
Onun sözlərinə görə, bu gün Avropada qaza olan tələbat ildə təxminən 340 milyard kubmetr təşkil edir və hətta elektrikləşdirmənin ən optimist ssenarilərində belə 2030-cu ilə qədər 300 milyard kubmetrdən yuxarı qalacaq.
"Problem ondadır ki, bu tələbat etibarlı təchizat strukturu ilə təmin edilməyib. İstehlak olunan qazın təxminən 90 %-i idxal edilir, 45%-i isə əsasən ABŞ və Qətərdən tədarük edilən mayeləşdirilmiş təbii qazın (LNG) payına düşür. ABŞ etibarlı mənbədir, lakin Asiya tələbatının və qiymət dəyişkənliyinin təsirinə məruz qalır. Qətər güclərini fəal şəkildə artırır, lakin onun LNG-si əhəmiyyətli dərəcədə Asiya bazarlarına yönəlib", - M.Tonequtti qeyd edib.
O vurğulayıb ki, bu şəraitdə Avropaya əlavə boru kəməri qazı həcmləri lazımdır: "Bu gün əsas boru kəməri qazı mənbələri Norveç, eləcə də Şimali Afrika olaraq qalır, lakin tədarükün artırılması potensialı məhduddur. Rusiyadan tədarüklər, Aİ-nin planlarına əsasən, 2027-ci ilə qədər tədricən sıfıra endiriləcək".
"Bu kontekstdə Azərbaycan və Cənub Qaz Dəhlizi həm sənaye baxımından, həm də ev təsərrüfatları üçün qiymətlərin əlçatanlığı baxımından Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və rəqabətqabiliyyətliliyinin qorunub saxlanılmasında mühüm rol oynaya bilər. Bir sıra ölkələrdə, məsələn, İtaliyada elektrik enerjisi tarifləri qazın qiyməti əsasında formalaşır. Müvafiq olaraq, qaz qiymətlərinin artması avtomatik olaraq elektrik enerjisi tariflərinin artmasına gətirib çıxarır", - M.Tonequtti bildirib.
Onun sözlərinə görə, həm Azərbaycanda əlavə hasilat hesabına, həm də potensial olaraq Türkmənistan və Qazaxıstan qazının Azərbaycan vasitəsilə daha sonra Türkiyəyə və Avropaya tranziti hesabına regiondan tədarük həcmlərini artırmaq son dərəcə vacibdir.
M.Tonequtti, həmçinin Azərbaycanın BP, "TotalEnergies" və "Exxon" kimi aparıcı beynəlxalq enerji şirkətləri ilə, ADNOC, "Masdar" və "ACWA Power" kimi Yaxın Şərq şirkətləri ilə əməkdaşlığını qeyd edib.
"Azərbaycanın əlverişli biznes mühiti və ölkənin müxtəlif tərəfdaşların maraqlarını nəzərə almaq bacarığı mühüm rəqabət üstünlüyünə çevrilib. Biz tələb və təklif balansı haqqında çox danışmışıq - bu, həqiqətən vacibdir. Lakin digər, qeyri-fiziki amilləri də vurğulamaq lazımdır. Mühəndislik nöqteyi-nəzərindən hasilatın artırılması və qaz nəqli infrastrukturunun inkişafı tamamilə reallaşdırıla biləndir - burada texniki məhdudiyyətlər yoxdur", - o vurğulayıb.
BCG-nin baş tərəfdaşı əlavə edib ki, həm özəl, həm də dövlət-özəl tərəfdaşlığı formatında investisiyaların cəlb edilməsi üçün əsas şərtlər zəruridir: "Birincisi, kommersiya məqsədəuyğunluğu, o cümlədən gücləri genişləndirməyə imkan verəcək və investorları hasilatdan tutmuş paylanmaya qədər bütün dəyər zənciri üzrə tələblə bağlı aydın siqnallarla təmin edəcək qaz təchizatı üzrə uzunmüddətli müqavilələrdir. İkincisi, davamlı maliyyə modelidir. Layihələr təkcə sənaye baxımından deyil, həm də maliyyə baxımından cəlbedici olmalıdır. Beynəlxalq neft-qaz şirkətləri, milli şirkətlər və infrastruktur fondları maliyyə mühitinin sabitliyinə və investisiyalarının geri qayıtmasına əmin olmalıdırlar".
M.Tonequtti bildirib ki, bütün bunlar həm regional səviyyədə, Avropa İttifaqı və qonşu ölkələrlə – o cümlədən Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və s. ilə qarşılıqlı fəaliyyət çərçivəsində ciddi siyasi koordinasiya tələb edir.
2025-ci ildə Azərbaycandan Avropaya qaz tədarükü təxminən 13 milyard kubmetr təşkil edib. Azərbaycanın Aİ-yə qaz tədarükündə payı 4 % təşkil edir. (Report)