27.06.2025, 11:52
AZ EN
14.05.2025, 18:24 247

Elnur Soltanov: "Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur"

XƏBƏRLƏR
  • Azərbaycanda energetika sahəsində dörd əsas qanun qəbul edilib, strateji əhəmiyyətli "İstilik təchizatı haqqında" qanun da daxil olmaqla daha üç qanun hazırlanıb.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, əsas diqqət enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafına və sektorun liberallaşdırılmasına yönəlib.

E.Soltanov "İstilik təchizatı haqqında" qanunun xüsusi əhəmiyyətini qeyd edib və deyib ki, bu qanun ölkədə hələ zəif inkişaf etmiş seqment olan mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin inkişafına yönəlib: "Qanun istilik nasosları da daxil olmaqla müasir texnologiyaların tətbiqini nəzərdə tutur, birbaşa enerji səmərəliliyinin artırılmasına dair məqsədlərlə bağlıdır".

"Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, EBRD-nin dəstəyi ilə tənzimləyici haqqında qanun üzərində iş aparılır ki, bu da müstəqil tənzimləyici orqanın səmərəli fəaliyyəti üçün əsas olacaq: "Yeni orqanın əsas vəzifələrindən biri real maya dəyəri əsasında tariflərin formalaşmasını təmin etmək olacaq. Bu da energetikanın davamlı inkişafı üçün vacibdir".

O vurğulayıb ki, BOEM-in quraşdırılmış gücdə payı artıq 2028-ci ilə qədər 32 %-ə çatacaq: "Birbaşa xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, elektrik enerjisini istehsal və istehlakçısı olanlara xüsusi diqqət yetirilir. Vətəndaşlar artıq 150 kVt-a qədər gücü olan günəş panelləri quraşdıra və artıq elektrik enerjisini şəbəkəyə sata bilərlər".

Nazir müavini bildirib ki, enerji səmərəliliyi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Binaların sertifikatlaşdırılması, enerji auditlərinin keçirilməsi və s. əhatə edən bir sıra aktlar tətbiq edilməlidir. Ölkədə dayanıqlı maliyyə bazası olan, qalıq yanacaqların vergiyə cəlb edilməsi hesabına maliyyələşdirilən Enerji Səmərəliliyi Fondu yaradılıb.

E.Soltanov qeyd edib ki, ölkə sovet dövründən qalan yaşayış fondu da daxil olmaqla ciddi çağırışlarla üzləşir ki, burada enerji səmərəliliyi məsələləri əvvəllər nəzərə alınmayıb: "Lakin bu, islahatlar üçün geniş imkanlar açır. Enerji səmərəliliyi yeni enerji mənbəyinə çevrilir". 

Onun sözlərinə görə, Energetika Nazirliyi yaxın aylarda bu sahədə işi gücləndirməyi və ölkənin enerji gündəliyinin əsas istiqamətlərindən biri olacaq yeni təşəbbüslər təqdim etməyi planlaşdırır. (Report)

Oxşar xəbərlər