"İşğaldan azad edilən ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər böyük məbləğdir. Buna baxmayaraq, görüləsi işlərin miqyasına nəzər salsaq, bu məbləğ kifayət deyil".
"Vətən səsi" xəbər verir ki, bunu iqtisadçı ekspert Eyyub Kərimli 2024-cü ildə “işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə münasibət bildirərkən deyib. Ekspert 30 illik işğal dönəmində Ermənistanın həmin bölgələrə 100 milyard dollardan çox zərər verdiyini vurğulayıb: "Bu baxımdan, həmin ərazilərin bərpası mərhələli şəkildə həyata keçirilməlidir. Bu, bizim gələcək iqtisadi siyasətimizin prioritet istiqaməti olacaq. Hər il büdcədən kifayət qədər məbləğ ayrılır. Bu günə kimi 7 milyard manata qədər məbləğ ayrılıb. Bölgələrin bərpası üçün gələn il artıq bu rəqəm 10 milyard olacaq”.
Eyyub Kərimli hesab edir ki, Qarabağla yanaşı, Azərbaycanın digər bölgələri də diqqətdən kənarda qalmamalıdır. Onun fikrincə, xüsusilə sosial istiqamətdə büdcə xərcləri daha da optimallaşdırılmalıdır: "Büdcə xərcləri optimallaşmalıdır və tarazlı iqtisadi inkişaf ölkədə təmin edilməlidir. Bu baxımdan işğaldan azad edilən bölgələr iqtisadiyyata reinteqrasiya olunur. Orada da tarazlı inkişaf tədricən bərpa olunacaq. Gələn ildən xərclərin tarazlı və optimal şəkildə bölüşdürülməsi prosesi baş verəcək”.
Xatırladaq ki, Hesablama Palatası “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, “işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” ilə bağlı tədbirlər üzrə xərclərin statistikasını açıqlayıb. Bildirilir ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası tədbirlərinə 2024-cü ildə 3825,0 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğ 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya 20,3 faiz azdır.
Elxan SALAHOV