17.12.2025, 19:23
AZ EN
17.12.2025, 17:31 14

Azərbaycanın dövlət rəsmiləri Ermənistana gedəcək

XƏBƏRLƏR
  • Ermənistan-Azərbaycan münaqişəsi rəsmən bitib. Hər iki ölkənin liderləri bu il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi ilə, qarşılıqlı olaraq, dövlətlərinin bir-birinin  suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bir daha tanıyıb, öz imzaları ilə təsdiq ediblər.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Qriqor Akopyan "Təsnim" agentliyinə müsahibəsində bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton razılaşmasında tərəflərin gələcəkdə bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməyəcəyi barədə öhdəlik götürüb: "Bundan əlavə, İrəvan və Bakı ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə ərizə təqdim edib ki, bu da rəsmi olaraq münaqişənin başa çatmasının ən yüksək səviyyədə təsdiqidir".

Səfir Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının delimitasiya və demarkasiya prosesinə dair əsasnaməsinin qəbul olunduğunu da diqqətə çatdırıb. Akopyan  rəsmi İrəvanın Bakı ilə həm dövlət qurumları, həm də ictimai təşkilatlar vasitəsilə əməkdaşlq etdiklərini və son vaxtlar qarşılıqlı görüşlərin intensiv xarakter aldığını da söyləyib. Onun sözlərinə görə, hazırda Bakı və İrəvan arasında qarşılıqlı etimad artır və rəsmi təmaslar üçün hər hansı tərəddüdlərə ehtiyac qalmayıb: "Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci görüşün nəticəsi olaraq növbəti görüşün Ermənistanda keçirilməsi barədə razılıq əldə edilib".

Ermənistanın İrandakı səfiri vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşlər zamanı əldə olunan razılaşmaların əsas istiqamətlərindən biri nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması haqqındadır: "Bu gün artıq deyə bilərik ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda görüşü və nəticədə sülh müqaviləsinin paraflanması sülh gündəliyində ciddi müsbət dəyişiklik yaradıb, təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldıb və regionumuzda faktiki sülh mühiti yaradıb". 

Elxan SALAHOV

Oxşar xəbərlər