"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün "Facebook" səhifəsində yaydığı paylaşımında yazıb. O, bəyan edib ki, həmin dəmir yoluna sahiblik Azərbaycan Respublikasının haqqıdır.
"Həm Ermənistan, həm də Rusiya tərəflərinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinin əlavələri ilə təmin edilir. Qanunsuz olaraq ələ keçirilmiş əmlakımız Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz", - deyə sabiq xarici işlər naziri vurğulayıb.
Xatırladaq ki, Zəngəzur dəhlizinə nəzarət məsələsi son bir neçə gündə Ermənistan və Rusiyanın hökumət rəsmiləri tərəfindən dartılışan mövzulardan biri kimi mətbuatın diqqət mərkəzindədir. Rəsmi Moskva bir neçə gün əvvəl "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizinin perspektivi barədə açıqlama verib. Bu ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan dəmir yolunun "Mehri hissəsi" Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"nın mülkiyyəti hesab olunur.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə dünənki açıqlamasında Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını tamamilə istisna edib. O, Moskvadan gələn açıqlamalara cavab olaraq bildirib ki, Rusiyanın həmin layihədə hər hansı formada iştirakı mümkün deyil: "Rusiyanın "Tramp yolu" layihəsində iştirakı ümumiyyətlə, müzakirə olunmur. İstəyirsiniz, bunu 160 dəfə deyim, belə müzakirələr yoxdur, mən hipotetik suallara cavab vermirəm".
Elxan SALAHOV