16.12.2025, 20:24
AZ EN
16.12.2025, 13:40 212

“Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının rəsmi təqdimatı olub

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesinin sistemli şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə hazırlanmış “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi tədbir Qarabağın işğaldan azad olunması, dirçəlişi və müasir inkişaf mərhələlərinin sistemli şəkildə ictimaiyyətə çatdırılmasına həsr olunub.

Nəşr Qarabağın tarixi, azad olunması və bərpa proseslərini əhatə edən analitik mətnlər, fotoşəkillər, rəsmi şəxslər və ekspertlərlə müsahibələr, habelə doğma yurdlarından didərgin düşmüş insanların xatirələri ilə zəngindir.

Kitab Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Azərbaycan haqqında bir sıra nüfuzlu əsərlərin müəllifi olan britaniyalı yazıçı Qrem Vilson tərəfindən hazırlanıb. Müəllifin Prezident İlham Əliyevin bioqrafiyası - “A Portrait of a President”, Ümummilli Lider Heydər Əliyevin həyatına həsr edilmiş “The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan” kimi kitabları beynəlxalq auditoriyada tanınır.

Beş yüzə yaxın səhifədən ibarət nəşr mətn, fotoşəkil və interaktiv rəqəmsal materialların sintezini təqdim etməklə Qarabağın dirçəliş tarixini çoxşaxəli şəkildə oxucuya çatdırır.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Afət Abbasova bildirib ki, nəşr yalnız müəyyən bir dövrü əhatə etmir, eyni zamanda, həmin mərhələyə gətirib çıxaran tarixi hadisələri, siyasi, sosial və humanitar prosesləri kompleks şəkildə təqdim edir. Onun sözlərinə görə, kitabda Qarabağla bağlı məsələlər ardıcıllıqla və sistemli formada oxucuya çatdırılır.

A.Abbasova qeyd edib ki, bu nəşrin ərsəyə gəlməsi illər əvvəl qarşıya qoyulan mühüm vəzifələrdən birinin praktik icrasıdır. “Bizim əsas məqsədlərimizdən biri Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə xarici müəlliflər vasitəsilə, faktlara söykənərək çatdırılmasıdır. Bu kitab da məhz həmin məqsədə xidmət edir”, - deyə o vurğulayıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə bərpa prosesini əks etdirən “Faciədən Zəfərə” adlı videoçarx nümayiş olunub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, rəqəmsal ekosistemdə Qarabağın işğal dövründə məruz qaldığı dağıntıları, işğaldan azad olunduqdan sonra aparılan bərpa və yenidənqurma proseslərini, təbiətin dirçəlişini əks etdirən zəngin vizual materiallar yer alıb. Onun sözlərinə görə, bu materiallar Qarabağ hekayəsinin xronoloji ardıcıllıqla və faktlara əsaslanan şəkildə təqdim olunmasına xidmət edir.

Çıxışda qeyd olunub ki, kitabda istifadə edilən vizual və rəqəmsal elementlər müxtəlif interaktiv keçidlər vasitəsilə oxucunu əlavə mənbələrə, rəsmi çıxışlara və mühüm tarixi sənədlərə yönləndirir. Bu isə nəşri, sadəcə, oxu materialı deyil, həm də informasiya və yaddaş platformasına çevirir.

Rəhman Hacıyev vurğulayıb ki, bu layihənin əsas məqsədi Qarabağla bağlı həqiqətləri beynəlxalq auditoriyaya obyektiv, faktlara əsaslanan və müasir təqdimat üsulları ilə çatdırmaqdır.

Tədbirdə, həmçinin, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatı olub və kitabın müəllifi, britaniyalı yazıçı Qrem Vilson çıxış edərək nəşrin hazırlanma prosesindən, Qarabağın tarixi və müasir inkişafı ilə bağlı təəssüratlarından söz açıb.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında bildirib ki, təqdim olunan nəşr Qarabağla bağlı yaranmış yeni reallıqları, əldə edilən Zəfərin mənəvi-siyasi mahiyyətini və gələcəyə yönəlmiş baxışı obyektiv və faktlara əsaslanan formada oxucuya çatdırır.

O, çıxışında kitabın müəllifi, britaniyalı yazıçı Qrem Vilsona xüsusi təşəkkürünü ifadə edərək, onun Qarabağ mövzusuna beynəlxalq müstəvidə maraq göstərməsini və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfəni yüksək qiymətləndirib.

Təqdimat mərasimində dövlət nümayəndələri, tərəfdaş qurumların təmsilçiləri və ölkənin ictimai-mədəni həyatında rol oynayan şəxslər iştirak ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər