15.12.2025, 02:57
AZ EN
04.12.2025, 16:00 213

Qərbi Azərbaycan həqiqətləri beynəlxalq səviyyədə təqdim olunur

XƏBƏRLƏR
  • Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən qurumlar beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Bu çərçivədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ölkəmizdə səfərdə olan Beynəlxalq İqlim Fəaliyyəti İnstitutunun (IICA) prezidenti xanım Mariya Puyo-Tadiçini qəbul edib.

Görüş zamanı Əziz Ələkbərli qonağa Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans və görülən işlər barədə geniş məlumat verib, dəvəti qəbul etdiyinə görə xanım Tadiçiyə təşəkkürünü bildirib. O qeyd edib ki, Qərbi Azərbaycanla bağlı Brüssel, Almaniya, İspaniya və digər Avropa ölkələrində keçirilən tədbirlər beynəlxalq aləmdə geniş rezonans doğurur.

İcmanın yaranma tarixindən söz açan millət vəkili vurğulayıb ki, Qarabağ münaqişəsi başlanarkən – 37 il əvvəl, heç bir günahı olmayan 300 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən zorla çıxarılıb. Onun sözlərinə görə, ermənilərin bu ərazilərə köçürülməsi əsasən son 200 ildə çar Rusiyası dövründə həyata keçirilib və bu proses 1946–1947-ci illərdə yenidən canlandırılıb.

Ə.Ələkbərli Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sistemli şəkildə məhv edilməsi barədə də məlumat verib. O, qonağa Ermənistanda dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının monitorinqini əks etdirən nəşri təqdim edərək, onun üzərində öz doğulduğu kəndi, ata-baba evlərini və vandalizmə məruz qalmış məzarlığı göstərib. O bildirib ki, davamlı sülh yalnız xalqların dinc yanaşı yaşaması şəraitində mümkündür.

Xanım Mariya Puyo-Tadiçi beynəlxalq dəstək mexanizmlərinin bu istiqamətdə işə salınıb-salınmadığı ilə maraqlanıb. Cavab olaraq Ə.Ələkbərli bildirib ki, son iki il ərzində Qərbi Azərbaycan İcmasının 11 sənədi BMT tərəfindən rəsmi sənəd statusu alıb.

Qonaq bildirib ki, mübarizənin beynəlxalq hüquq müstəvisində aparılması son dərəcə vacibdir. O qeyd edib ki, Xorvatiya da vaxtilə işğala məruz qalıb və bu ağrılı prosesi yaşamış ölkə kimi bəzi halları daha dərindən anlayır. Xanım Puyo-Tadiçi Xorvatiyada Azərbaycanın hər zaman dost və tərəfdaş ölkə kimi qəbul edildiyini vurğulayıb.

O, həmçinin COP29 çərçivəsində Azərbaycan haqqında daha ətraflı məlumat əldə etdiyini və Qarabağda aparılan genişmiqyaslı bərpa və dirçəliş işlərinə heyran qaldığını bildirib.

İcma sədri Xorvatiyanı Azərbaycanın dostu adlandıraraq, səsləndirilən müsbət fikirlərə görə təşəkkür edib. O qeyd edib ki, hazırkı Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olduğunu çoxsaylı tarixi mənbələr və çar Rusiyası dövrünə aid xəritələr də təsdiqləyir. Bununla belə, Qərbi azərbaycanlıların məqsədi qarşıdurma deyil, Ermənistan vətəndaşı qismində öz evlərinə qayıtmaqdır. Sədr vurğulayıb ki, qarşılıqlı gediş-gəliş təmin olunmasa, davamlı sülhdən danışmaq mümkün olmayacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər