"Vətən səsi" xəbər verir ki, görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr zamanı əldə olunmuş razılaşma əsasında reallaşıb. Belə ki, hər iki ölkənin parlamentariləri ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində bir araya gəlib. Nümayəndə heyətləri arasında keçirilən ikitərəfli görüşdə sülh danışıqları prosesdinin gedişatı, habelə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar barədə rərəflər öz fikirlərini açıqlayıb.
Görüşdə həmçinin bu ilin avqustunda ABŞ prezidenti Donalt Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammitində əldə etdiyi razılaşmalar, birgə qərar və bəyanatların sülh prosesində müsbət rolu müzakirə olunub. Qeyd edilib ki, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar hər iki ölkənin parlamentləri tərəfindən dəstəklənməklə prosesin məntiqi sonluğa çatmasına çalışmalıdır.
Söhbət zamanı regionda davamlı sülhün əldə edilməsinə ictimai dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında həyata keçirilən etimadın artırılması parlament üzvləri və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdəki konstruktiv dialoqlardan çox asılıdır. Məhz buna görə də Azərbaycan və Ermənistan parlamentlərinin nümayəndələri sülh prosesinə dəstəyini qarşıdakı mərhələlərdə artıqrmaq barəıdə razılığa gəlib.
Elxan SALAHOV