Teodora Marin qeyd edir ki, ŞCND-yə maraq göstərən əsas oyunçulardan biri də Hindistandır. Dəhliz bu ölkəyə həm Avropa bazarlarına daha qısa çıxış, həm də Rusiya, İran və digər region ölkələri ilə ticarətin daha səmərəli qurulması imkanı verir. Lakin o vurğulayır ki, geosiyasi hesablamalar təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Azərbaycanın baxış bucağından Hindistanın son illərdə Ermənistanı silahlandırması, Bakıya qarşı qeyri-dost ritorika sərgiləməsi və daxili siyasətdə islamofobiya ilə bağlı tənqidlərə məruz qalması diqqətdən kənarda qalmır. “Bu vəziyyət Azərbaycan üçün əlavə rıçaqlar formalaşdırır. ŞCND-nin ən əsas hissələrindən biri Azərbaycan ərazisindən keçdiyi üçün marşrutun işlək olmasında Bakının qərarı həlledici əhəmiyyət daşıyır. Hindistanın addımları nəticə etibarilə bu ölkənin həm Xəzər hövzəsi, həm də Cənubi Qafqaz nəqliyyat arxitekturasından tədricən təcrid olunması riskini artırır. Başqa sözlə, rəsmi Nyu-Dehli öz yanlış seçimləri ilə özünü kənara sıxışdıran tərəf kimi görünür.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan–Pakistan münasibətləri tarixi olaraq ən yüksək səviyyəyə çatıb, Türkiyənin də qoşulduğu Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatı regionda siyasi və təhlükəsizlik baxımından mühüm güc mərkəzinə çevrilib. Pakistanın artıq Ermənistanla diplomatik əlaqələr qurmağa başlaması fonunda belə Dehlinin bölgədə “kənarda qalan oyunçu” təsviri daha da güclənir. Nəticədə maraqlı paradoks yaranır – Pakistan həm Azərbaycanla strateji müttəfiqliyini qoruyur, həm də Cənubi Qafqazla ayrıca əlaqə kanalları açır, lakin prosesin geosiyasi mərkəzi yenə də Bakı olaraq qalır.
T.Marin vurğulayır ki, Azərbaycanın nüfuzu və manevr imkanları məhz bu konfiqurasiya fonunda daha aydın görünür. Bakı həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əsas oyunçu olmaqla yanaşı, marşrutların texniki koordinasiyasından daha çox, siyasi və iqtisadi şərtlərin formalaşmasında söz sahibinə çevrilib.
Nəticə etibarilə şərhçi belə qənaətə gəlir ki, Şimal–Cənub dəhlizi ətrafında gedən proseslər Azərbaycanın regional çəkisini daha da gücləndirir. Bu yeni reallıqda Bakı həm region dövlətləri, həm də Cənubi Asiya və Avrasiya gücləri üçün məcburi dialoq ünvanına çevrilir. (AZƏRTAC)