"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin İnformasiya və İctimai Diplomatiya Departamentinin rəhbəri Akop Sərkisyan bildirib. O, erməni jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ avqustun 8-də Vaşinqtonda paraflanmış sazişdə tam şəkildə razılaşdırılıb: "Tərəflər həmin sazişdə keçmiş Sovet Sosialist Respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edib. Bu isə o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır, həmin prinsiplərə hörmətlə yanaşır”.
Akop Sərkisyan onu da əlavə edib ki, əsasnamədə təsbit olunmuş 1991-ci il tarixli Almatı bəyannaməsinin rəhbər tutulmasının əsas prinsipi müvafiq sənədlərin əhatə dairəsini müəyyən edir. Onun sözlərinə görə, beynəlxalq status almış həmin sənədlər Sovet İttifaqının dağılması zamanı mövcud olan, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədi ifadə edən xəritələrə əsaslanır: "Çünki həmin xəritələr sovet dövründə mövcud inzibati sərhədi ifadə edən və hüquqi cəhətdən əsaslandırılmış sənədlərdir”.
Elxan SALAHOV