Zəfər Bayramı münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyinin əməkdaşları, Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 29-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Azərbaycanın istiqlalı və Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi (15 sentyabr) uğrunda döyüşlərdə şəhid olmuş türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 30 Avqust Zəfəri sayəsində Türkiyə xalqının onu tarixdən silmək istəyən güclərə unudulmaz dərs verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bununla da Türkiyə Cümhuriyyətinin qurulması yolunda mühüm mərhələ uğurla başa çatdırılıb.
"Eyni inam və ruhla Azərbaycanın müstəqilliyi yolunda canını fəda edən, şəhidlik zirvəsinə ucalan sizlər "Bir millət, iki dövlət" devizinin təməlinin qoyulmasında, qardaşlığımızın möhkəmlənməsində, şübhəsiz ki, böyük rol oynadınız. Sizdən miras qalan və müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin gələcək dövrdə daha da dərinləşdirilməsi istiqamətində səylərimizi dayanmadan davam etdirəcəyik. Biz 30 Avqust və 8 Noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik. Bu münasibətlə başda Qurtuluş savaşımızın baş komandanı, dövlətimizin qurucusu Mustafa Kamal Atatürk olmaqla vətənimiz uğrunda canlarını fəda etməyə bir an belə tərəddüd etməyən əziz şəhidlərimizi, Azərbaycanın hər bir guşəsində şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızı, ölkəmizin və qardaş Azərbaycanın bütün şəhidlərini rəhmət və ehtiramla anır, onların hüzurunda hörmətlə baş əyirik. Ruhları şad olsun", - deyə səfir bildirib.
Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk döyüşçülərinin adları həkk olunmuş mərmər "Şəhidlik kitabəsi"nin üstünə gül dəstələri düzülüb.
Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Hazırladı: Mina RƏŞİD