"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. O, bildirib ki, Vaşinton görüşündə əldə olunmuş razılaşma ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müstəsna əhəmiyyətli addımlar atılıb: "Biz demirik ki, saziş imzalanıb. Bəli, paraflanıb, tədbirlər görüləcək, amma güman edirəm ki, imzalanma və ratifikasiyanın sonrakı mərhələləri hətta çəkisinə görə paraflamanı da keçə bilməyə bilər. Vaşinqtondakı danışıqlar və tərəflər arasında anlaşma bu qədər əhəmiyyətlidir. Lakin hələ çox görüləsi işlər var. Sülh müqaviləsində bir ölkə üçün yaxşı və mahiyyət etibarı ilə başqa bir ölkə üçün pis olacaq heç bir müddəa yoxdur".
Ararat Mirzoyan sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən hüquqi maneələrin olduğuna işarə edərək qarşıda onları çətin mərhələ gözlədiyinə də eyham vurub. Bununla belə, o, bir daha vurğulayıb ki, Ermənistanın sülh danışıqları prosesində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur.
Elxan SALAHOV