Bu barədə Ermənistan liderinin xalqa müraciətinin canlı yayımına istinadən xəbər verir.
“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o deyib.
Paşinyan həmçinin Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı məsələyə də toxunub.
“Soydaşlarımıza gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm: onların mümkün qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə yalnız xələl gətirən mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri məcburi köçkünlərin özlərinə heç nə verməyəcək, dövlətlər arasında isə gərginlik yaradacaq. Ona görə də qeyd edirəm: bəli, bu, sülh üçün təhlükəli və zərərli mövzudur”, - o deyib.
Paşinyanın sözlərinə görə, bu fikir xətti ilə razılaşmayanların hamısı şüurlu və ya şüursuz olaraq yeni münaqişələrdə maraqlı olan qüvvələrin “xəmirinə su tökürlər”.
“Axı bir çox münaqişələr, o cümlədən Qarabağ münaqişəsi zahirən humanitar, mədəni və ya digər “məsum” məsələlərin müzakirəsi ilə başlayıb. Amma bunun nəyə gətirib çıxardığını yaxşı xatırlayırıq və təəssüf ki, özümüz də bunu yaşadıq”, - o əlavə edib. (Report)