07.08.2025, 02:13
AZ EN
16.07.2025, 17:54 122

Zəngəzur dəhlizi ilə bağlı Gorusda gizli toplantı

XƏBƏRLƏR
  • Ermənistanın hakim Mülki Müqavilə Partiyası iyulun 12-də Gorusda keçirilən siyasi toplantıda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur rayonu ərazisindən mümkün yolun çəkilməsi məsələsini müzakirə edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Hakim partiyadakı mənbələrə istinadən yayılan məlumatda deyilir ki, toplantının əsas məqsədi Zəngəzur dəhlizin keçəcəyi ərazilərin tədqiq olunması və komminikasiyanın bölgənin kommunikasiya infrastrukturunun inkişafına mümkün təsirlərini müəyyənləşdirməkdir.

Məlumata görə, müzakirə bağlı qapılar arxasında keçirilib. Hətta Paşinyan hökumətinin birbaşa nəzarətində olan media orqanlarının əməkdaşlarının da toplantıda iştirakına nicazə verilməyib.

“Görüş zamanı Baş nazir Nikol Paşinyan nəzərəçarpacaq dərəcədə gərgin olub. Onun Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Belçikaya son səfərləri zamanı Azərbaycanla sülh sazişi məsələsində çox nikbin olduğu sezilir. Amma Gorusda keçirilən toplantıda partiya üzvlərində belə bir təəssürat yaranıb ki, Baş nazir Zəngəzur dəhlizi ilə bağlı ümid etdiyi nəticə və təminatları ala bilməyib”, - deyə erməni mediası yazır.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı bir neçə vacib məsələyə münasibət bildirib. O, Azərbaycanla sülh sazişi çərçivəsində regionda açılacaq nəqliyyat yollarının idarə olunması üçün özəl şirkət cəlb oluna biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu, investisiyaların cəlb edilməsi və yolların daha səmərəli idarə olunması məqsədi daşıyır: "Bu halda yolların mülkiyyəti Ermənistanın üzərində qalacaq, söhbət yalnız idarəetmədən gedir".

Paşinyan onu da deyib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqda səhv etməyib və bunu daha əvvəl etsəydi vəziyyət indikindən daha yaxşı olardı: "2022-ci il oktyabrın 6-da mən Ermənistanın ərazi bütövlüyünü, həmçinin həmin tarixdə Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığımı bəyan etmişəm. Azərbaycanın ərazi bütövlüyünü çox gec tanıdığımdan təəssüflənirəm. Bu qərar çox əvvəllər verilməli idi. Hesab edirəm ki, nəinki düzgün iş görmüşəm, həm də vəziyyəti düzgün dəyərləndirmədiyimə görə bunu əvvəllər etməməklə səhv etmişəm. Səbəblər həm sosial-psixoloji, həm də başqa olub”.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak Zəngəzur dəhlizi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Həmin təklifdə Zəngəzur dəhlizinə 100 il müddətinə ABŞ tərəfindən nəzarət etmək nəzərdə tutulur. Ermənistanın Xarici İşlər Nazirliyi səfirin bu açıqlamasını rədd etsə də, Nikol Paşinyan bir neçə saat əvvəl keçirdiyi mətbuat konfransında məlumatı dolayısı ilə təsdiqləyib.

Elxan SALAHOV

 

Oxşar xəbərlər