"Vətən səsi" xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, sabah Azərbaycan və Ermənistan liderlari arasında görüş sabah Əbu-Dabi şəhərində keçiriləcək. Görüş Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində keçiriləcək. İki ölkə liderlərinin danışıqları ikitərəfli formatda, yəni heç bir vasitəçi olmadan aparılacaq.
Ekspertlərin fikrincə, Əbu-Dabi görüşü Azərbayan və Ermənistan rəhbərliyi arasında indiyə qədər keçirilmiş müzakirələrin ən əhəmiyyətlisi hesab olunur. Görüşdə ölkə rəhbərləri ilə yanaşı hər iki ölkənin xarici işlər nazirlərinin, xarici siyasət üzrə köməkçilərin, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə işçi qrupunun sədrlərinin də iştirakı nəzərdə tutulub. Bu isə prosesin sülh müqaviləsinin imzalanmasına doğru getdiyinə işarədir.
Siyasi təhlilçilər Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmağa çalışdığını da xüsusi qeyd edirlər. Moskvanın Ermənistanda dövlət çevrilişinə cəhd göstərməsi, Azərbaycna qarşı təzyiqləri artırması da bununla əlaqələndirilir. Bildirilir ki, Rusiya Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarında, bütövlükdə bu prosesdə heç bir statusda iştirak etmir və Zəngəzur dəhlizindən də kənarda qalacaq.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın sülh danışıqlarına mane olmaq cəhdləri daha çox Ermənistana zərbə vura bilər. Onun fikrincə, Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın Baş naziri Nikol Paşinyan üçün risklər vəd edir: "Paşinyana qarşı hazırda üç qüvvə - radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. Həmin üç qüvvənin arxasında Kreml dayanır. Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışacaq. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər üç qüvvəyə qarşı radikal addımlar atır, parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və iş adamlarını həbs edir. Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər".
Politoloq bildirib ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlərdən sonra Ermənistanın narahatlıqları bir az da artıb. Onun fikrincə, Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçəcəyi istisna edilməməlidir: "Bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, sülh sazişinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından, regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir. Açıq demək lazımdır ki, Nikol Paşinyanın devrilməsi və ya gələnilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir. Digər tərəfdən Kreml Paşinyanı sıxışdırmaqla paralel olaraq Bakı ilə də münasibətləri korlayıb. Bunun özü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının aktuallığını artırıb. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, prosesi sürətləndirə bilər".
Elxan SALAHOV