"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov "Teleqraf"a müsahibəsində bildirib. O, qeyd edib ki, Azərbaycanın güc mərkəzinə çevrilməsi, Ermənistan daxildə gedən proseslər, Bakı və Moskva arasındakı son gərginlik kontekstində baş verənlər əslində Zəngəzur dəhlizinin zaman içərisində həll olunacaq məsələ kimi təsəvvür olunur: "Çünki hər bir məsələnin əsası, fundamenti olmalıdır. Baş verən proseslər Zəngəzur dəhlizinin özəyini təşkil edən məsələlərdir. Azərbaycanın həyata keçirdiyi siyasət məhz bu reallıqları özündə ehtiva edir".
Səməd Seyidov hesab edir ki, Zəngəzur dəhlizinin nə vaxt açılacağı artıq prinsipal məsələ deyil. Onun fikrincə, Zəngəzur dəhlizi müstəvisində türk birliyi faktoru, ölkələrin regionda malik olduğu imkanlar, geosiyasi dəyişikliklər açıq şəkildə özünə biruzə verir: "Bütün bunlar onu deməyə əsas verir ki, biz yeni reallığın konkret nəticələrini görürük. Bu nəticələrdən biri də məhz Zəngəzur dəhlizidir. Biz dəfələrlə bəyan etmişik ki, regionun təhlükəsizlik arxitekturası və xüsusəndə Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə formatında əməkdaşlıqdan, qarşılıqlı əlaqələrin qurulmasından asılıdır. Rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri normal şəkildə təşkil edə biləcəksə, özünün dövlət kimi inkişafına nail olacaq. Ermənistan özünün yeni konstitusiyasını məhz bu prinsiplər əsasında formalaşdırcaqsa, bu halda onun gələcəyinə təminat yaranacaq. Ona görə də Ermənistan özünə xaricdən dayaq axtarmaq, yenidən Kremlin çətiri altına girməkdənsə, Azərbaycan və Türkiyə ilə normal siyasət formalaşdırmağa çalışmalıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması mütləq təmin olunacaq. Başqa bir ölkənin ərazisinə iddiaları özündə ehtiva edən Ermənistan konstitusiyası yaşaya bilməz. Dövlətin konstitusiyasında özü, milli maraqları, gələcəyi haqqında müddəalar yer almalıdır. Erməni tərəfi bunu dərk edib, başa düşəcəksə, o zaman onlar üçün gələcəkdən danışmaq olar. Sözsüz ki, zaman keçdikcə erməni tərəfindən bu istiqamətdə daha çox bəyanatlar eşidiləcək. Bütün bunlar tarixi proseslərin tərkib hissəsidir. Azərbaycan dövləti tərəfindən deyilən, irəli sürülən təkliflər Ermənistanda da qəbul edilir. Çünki bu məsələlər yalnız Azərbaycan üçün deyil, ümumilikdə regionun yaşamaq düsturudur və bölgənin inkişafını təmin edən başlıca məsələlərdir".
Elxan SALAHOV