08.08.2025, 09:43
AZ EN
07.07.2025, 17:44 42

Zəngəzr dəhlizi razılaşması: blef, yoxsa...

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında əldə edilmiş razılaşmanın məxfiliyi ləğv edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfərində dəhlizin açılması məsələsi razılaşdırılıb. Bildirilir ki, son günlər Ermənistan mətbuatında həmin səfər zamanı əldə olunan razılaşma barədə məlumat yayıldıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın məxfi xarakter daşıyan bəzi təfərrüatlarını gizli saxlamaq mümkün olmayıb: "Məlumata görə, Ermənistan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsi üzrə razılığa gəlib ki, bu da regional geosiyasət və nəqliyyat şəbəkələrində ciddi dəyişikliyə səbəb ola bilər. İyulun 3-də ABŞ-nin planının da məxfiliyi ləğv edilib. Bu plana görə, dəhlizə nəzarət özəl ABŞ şirkətinə veriləcək. Həmçinin bu plana əsasən, Rusiya dəhlizə nəzarətdən kənarda qalacaq”.

“Hraparak” qeyd edib ki, ABŞ administrasiyasının planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla iyulun sonunda Dubayda görüşəcəyi xəbəri yayılan xəbərlər də təsadüfi deyil: "Paşinyanın mətbuat katibi ümumi danışaraq, həmin görüş barədə məlumatı təkzib etməyib. Baş nazirin səfərləri ilə bağlı lazımi məlumatlar vaxtında verilir”.

Qəzet Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana istinadən yazır ki, İrəvanın əsas prioritetlərindən biri Azərbaycanla sülh danışıqlarını real nəticələrə yaxınlaşdırmaqdır. Mirzoyan deyib ki, hazırda bu istiqamətdə Azərbaycanla intensiv danışıqlar aparılır. Erməni nazirin sözlərinə görə, tərəflər artıq sülh sazişi layihəsi üzrə razılığa gəliblər və Ermənistan bu sənədi imzalamağa və ratifikasiya etməyə hazırdır.

"Bununla yanaşı, Ermənistan qərb qonşusu Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına çalışır", - deyə Mirzoyan əlavə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəlki açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı nikbin mersajlar vermişdi. O, bildirmişdi ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, indi regional iqtisadi inteqrasiyaya qoşulmaq üçün daha çevik mövqe sərgiləyir: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün yeni imkanlar yaradacaq. Bu nəqliyyat xəttini biz geoiqtisadi inqilabın bir parçası kimi görürük. Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi və yaranacaq qarşılıqlı anlaşma sayəsində tarixi fürsət qapılarının bir-birinin ardınca açıldığının şahidi olacağıq".

Azərbaycanın siyasi şərhçiləri isə Zəngəzur dəhlizi ilə bağlı razılaşma barədə Ermənistan mətbuatında yayılan məlumatların doğruluğuna şübhə edir. Əksəriyyət belə hesab edir ki, Ermənistan ictimaiyyəti heç bir ciddi əsası olmayan məlumatları dövriyyəyə buraxmaqla beynəlxalq aləmi aldatmağa və həmişə olduğu kimi, özünü guya, sülh tərəfdarı kimi təqdim etməyə çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR