"Vətən səsi" xəbər verir ki, erməni jurnalist Nairi Ohikyan Ermənistanın sərhəd kəndlərinin hazırkı durumu barədə fikirlərini özünün sosial şəbəkə hesabında yazarkən bildirib. O, Ermənistanın sərhəd kəndlərinin bərbad halda olmasından, erməni ailələrinin çətin şəraitə dözməyərək ərazidən köçdüklərini də etiraf edib: "İnsanlar ağır sosial şəraitdə yaşayırlar, bir çox kəndlərdə təbii qaz yoxdur, içməli su müəyyən saatlarda olur və ya ümumiyyətlə olmur, vedrə ilə satılır. Sərhəd kəndlərinin əksəriyyətində mağaza və xidmət obyektləri yoxdur, mədəniyyət klubları bərbad vəziyyətdədir, təhsil və əyləncə mərkəzləri yoxdur, yollar bərbaddır. 2023-cü ildə Ermənistan hökuməti 100-dən az şagirdi olan məktəbləri bağlamaq qərarına gəlib. O halda, demək olar ki, bütün sərhəd kəndlərində məktəblər bağlanır ki, bu da böyük köçə səbəb olur".
Nairi Ohikyan belə bir şəraitdə sakinlərin kəndi tərk etməsini təbii və yeganə çıxış yolu kimi dəyərləndirib: "Belə vəziyyətdə kənddə qalan erməni ailələri də təbii ki, öz evlərini tərk edib şəhərdə, az-çox normal yerdə məskunlaşmağa can atacaqlar. Bəs, Azərbaycan nə edib? Onlar Ermənistanla sərhəd ərazilərdə yerləşən kəndlərin əhalisi üçün onilliklər boyu hansı işləri görüb? Bu suallara doğru-dürüst cavab tapmaq üçün Naxçıvanın sağ sərhədində yerləşən Sədərək, Heydərabad, Ordubad rayonlarına baxın, Tavuşda Berkaberlə üzbəüz Məzəm kəndinə baxmaq lazımdır. Onda hamı görəcək ki, Azərbaycan hökuməti sakinlərin həyatını asanlaşdırmaq və daha cəlbedici etmək üçün bütün sərhəd kəndlərinə böyük sərmayələr qoyub”.
Erməni jurnalist Azərbaycan hökumətinin sərhədyanı kəndlərdə firəvan həyat şəraitininb təmin edilməsi üçün gördüyü işlərdən bir neçəsini sadalayaıb: "Sərhədyanı kəndlərdə evlərin dam örtükləri təmir edilir, küçələr və yollar, daimi içməli və suvarma su təchizatı, məişət və kommunal infrastrukturları yenidən qurulur, böyük mağazalar, əyləncə və tədbir salonları tikilir. Bütün bunlar sərhədyanı kəndlərin sakinlərini yerində saxlayan və köçün qarşısını alan şərtlərdir. Azərbaycan hakimiyyəti yaxşı başa düşür ki, sakinlər olan yerdə sərhəd möhkəm olur. Qəsəbə boşalsa, sərhəd də zəifləyir və mübahisəli olur".
Nairi Ohikyan Ermənistan hökumətini sərhədyanı kəndlərin inkişafına güclü və əsaslı təkan verməyə çağırıb. O, qeyd edib ki, dövlət həmin ərazilərdə sifarişli evlərin tikintisini, gənclərin pulsuz ali təhsil almasını, nəqliyyat şəbəkəsinin qurulmasını, əyləncə və təhsil mərkəzlərinin, iş yerlərinin yaradılmasını təmin etməlidir: "İndiki halda və şəraitdə sərhədyanı kəndlərə diqqətin artırılması həyati əhəmiyyət kəsb edir”.
Elxan SALAHOV