Ermənistan müxalifətinin liderləri parlamentin qarşısına çıxarmaqdan qorxur.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, hər iki keçmiş prezident hakimiyyətdə olduğu dövrdə erməni xalqını aldadıb, dövlətin sərvətini oğurlayaraq özlərinə və ailə üzvlərinə xərcləyiblər: “Robert Köçəryan və Serj Sərkisyan bu tribunada durmaqdan qorxur. Çünki onlardan heç biri siyasi baxımdan parlamentin qarşısında dayanmağa və çıxış etməyə qadir deyil. Əgər qorxmurlarsa, gəlsinlər. Amma gələ bilməzlər, onların bu tribunadan xalqa deyə biləcəkləri söz yoxdur. İndi yalan vədlər vermək zamanı deyil, gerçək və hamı ilə açıq danışmaq zamanıdır”.
Vaaqn Aleksanyan sabiq prezidentlərin Nikol Paşinyan hökumətinin ayrı-ayrı məsələlərlə bağlı haqlı arqumentlərinə cavab verə bilmədiklərini vurğulayıb. Onun sözlərinə görə, nə Robert Köçəryan, nə də Serj Sərkisyan ölkəni idarə etmək qabiliyyətində deyil: "Onlar köhnə düşüncələrindən hələ ayrıla bilməyiblər, 10 il bundan əvvəlki qaydalarla nəinki inkişaf etmək, heç yaşamaq da mümkün deyil. Real olmayan vədlərlə xalqı aldatmaq keçmişdə qaldı. Çünki dünya sürətlə dəyişir, hər şeyi Rusiyadan gözləyib beynəlxalq aləmdən təcrit olunmaq fəlakətə aparır. Onlar özləri də bunu indi başa düşürlər. Ona görə də gəlib danışmağa qorxurlar, xalqda özlərinə qarşı inam yarada bilmirlər".
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan ötən həftə parlamentdə çıxışı zamanı Robert Köçəryan və Serj Sərkisyanı debata çağırmışdı. Onun sözlərinə görə, hər iki sabiq prezident münaqişə dövründə aparılan danışıqlarda Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Nikol Paşinyan bunu sübut edə biləcək arqumentlərə malik olduğunu söyləmişdi.
Elxan SALAHOV