"Vətən səsi" xəbər verir ki, bunu hazırda Bakıda məhkəməsi keçirilən erməni separatçılarının keçmiş lideri Araik Arutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib. O bildirib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını vurğulayıb.
A.Arutyunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, “Arabo” batalyonundan danışıb: “Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. “Arabo”, “Arami”, “Böyük Tiqran”, “Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.
Bununla belə, Arayik Arutyunyan “Arabo”nun komandirlərindən olan Manvellə niyə görüşdüyünü, xüsusilə 44 günlük müharibədən sonra onunla təmaslarının hansı məqsədə xidmət etdiyini açıqlamayıb.
Xatırladaq ki, "Arabo" könüllülər dəstəsi və ya "Arabo batalyonu" Qarabağ müharibəsində əsasən Ermənistan vətəndaşları və xaricdən gələn ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşmadı. Dəstə 1989-cu ildə Livan, Fələstin, Suriya və Fransadan gəlmiş erməni millətçilərinin, həmçinin Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət keçmiş təcrübəli döyüşçülərin iştirakı ilə İrəvanda yaradılıb və ilk adı “Qaregin Njde” olub. Lakin sonradan erməni hərbi birləşmələri daxilində “Qaregin Njde” adlı yeni dəstənin ortaya çıxması terrorçuluq fəaliyyəti ilə tanınan quldur dəstəsinin adını dəyişdirilərək “Arabo” adlandırılıb. "Arabo" XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsü olub.
"Arabo" terror dəstəsi 1992-ci il Həsənqaya əməliyyatına qədər aşağıdakı terror-təxribat və işğal əməliyyatlarında iştirak edib:
- 1992-ci il. Malıbəyli, Quşçular, Qaradağlı soyqırımı, Fərrux, Xocalı soyqırımı;
- 1992-ci il. Şuşa, Laçın;
- 1992-ci il. Barana (Noyamberyan) rayonu, Əskipara (Voskepar);
- 1992-ci il. Qafan, keçmiş Ağdərə rayonu, Qasapet, Talış, Heyvalı (Drmbon), Qızıloba (Karmiravan), Şıxarx (Leninavan), Çiləbürt (Ceraberd), Həsənqaya.
1992-ci ilin iyununda Gəncə və Tərtər özünümüdafiə batalyonlarının birgə həyata keçirdiyi məşhur "Həsənqaya əməliyyatı" zamanı terror dəstəsinin 80-dən çox üzvü tamamilə məhv edilib. 2008-ci ildə "Youtube" internet kanalında batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra erməni quldur dəstələri "Arabo"nu yenidən dirçəltməyə başlayıb...
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi maraqloa izlənilir. Məhkəmənin növbəti iclası martın 13-nə təyin olunub. Həmin iclasda təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Elxan SALAHOV