28.06.2025, 02:57
AZ EN
26.07.2024, 10:32 336

Zəngəzur dəhlizi Rusiyanın da maraqlarına cavab verir

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizinin açılmasında Rusiya deyil, ABŞ daha çox maraqlıdır. Rusiya heç də Zəngəzur dəhlizində maraqlı deyil, Moskva üçün daha effektiv yol Gürcüstandan keçməklə Türkiyəyə çıxışdır".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş nazirinin keçmiş müavini Vaçe Qabrielyan deyib. Onun sözlərinə görə, 2023-cü ildə Rusiyanın xarici ticarət tərəfdaşları üçlüyünə Çin, Hindistan və Türkiyə daxil olub. Eyni zamanda, ərəb ölkələri, İran və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət dövriyyəsində tədricən artım müşahidə olunur ki, bu da Rusiyanın Qərbin sanksiyaları altında Qlobal Cənub bazarlarına yönəlmək meylini sübut edir: “Bu səbəbdən Hindistanla kommunikasiyalar yaratmağa imkan verəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Rusiya üçün prioritet məsələdir. Rusiyanın Türkiyə ilə ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir. Azərbaycan ərazisindən Türkiyəyə quru nəqliyyatının mənası yoxdur, burada Rusiya üçün əsas məsələ Gürcüstanla münasibətlərdir. Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yüklərin daşınması Ermənistan üçün prioritetdir, lakin həcm baxımından bu, böyük deyil: Türkiyədən Rusiyaya çoxlu sayda yük maşını buradan keçir, Orta Asiya ölkələrindən isə yük maşınları burdan Türkiyəyə gedir. İqtisadi nöqteyi-nəzərdən bu, Rusiya üçün Azərbaycan və Türkiyə arasında Ermənistan ərazisindən keçən quru əlaqədən qat-qat səmərəli marşrutdur”.

Vaçe Qabrielyan bildirib ki, Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edəcək Orta Dəhlizi açmaq üçün ABŞ-ın Bakı və İrəvanı sülh sazişi imzalamağa tələsdirməsinə də münasibət bildirib. O, Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi olması təşəbbüslərini qəbul etmək istəməyən İrəvanın mövqeyini  dəstəkləyib: "Zəngəzur dəhlizinin Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Ermənistan ərazisindən keçməsi tələb olunur. Bu halda Ermənistan yeni ərazi itkilərinə məruz qala bilər. Ona görə də ərazi suverenliyi məsələsində hakimiyyətin israrını dəstəkləyirik".

Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə nəzarət və yükü müşayiət edəcəyi ilə bağlı məsələyə gəlincə, Qabrielyan deyib ki, əgər bu ehtimal təsdiqlənərsə, onda şərtlərə baxmaq lazım gələcək.

Beynəlxalq səviyyəli ekspertlərin hesablamalarına görə, Orta dəhliz üzrə hərəkət edəcək blok qatarı təxminən 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu, həmin nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur. Həmin kommunikasiya xəttinin bir hissəsi olacaq Zəngəzur dəhlizi isə Rusiya üçün dəmir yolu ilə yükdaşımalara görə xüsusi əhəmiyyət daşıyır. Çünki dəmir yolu ilə yükdaşımalar xərclərinə və tutumluluğuna görə daha sərfəlidir. Üstəlik, Yuxarı Lars yolu ilin 9 ayı bağlı olur və onun buraxılış həcmi olduqca azdır. Məhz buna görə Rusiyanın Zəngəzur dəhlizinin qurulmasında maraqlı olmaması barədə iddialara reallığı əks etdirmir.

Elxan SALAHOV

Oxşar xəbərlər