"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı ictimai fəalları özündə birləşdirən “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan deyib. Onun sözlərinə görə, Vaşinqton bunun qarşılığında İrəvandan Bakının bütün tələblərinin icrasını tələb edir. Əsas məqsəd "Zəngəzur dəhlizi"nin açılması qarşılığında Ermənistanı müharibə təhlükəsindən qorunmasına təminat almaqdır. Lakin Ermənistan ABŞ və Qərbin dəstəyi ilə əldə edəcəyi təminatın əvəzində Azərbaycanın tələblərini tam və qəti şəkildə yerinə yetirməlidir: “Söhbət yeni konstitusiyanın qəbulu, anklavların və o ərazilərə gedən yolların təhvil verilməsi, azərbaycanlıların qayıdış haqlarının gücləndirilməsi, geri dönəcək şəxslərin təhlükəsizliyini qorumaq üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğunun təmin olunması və Zəngəzur dəhlizinin açılmasından gedir”.
Manvelyan deyib ki, ABŞ və Qərbin İrəvan qarşısında qoyduğu əsas tələblərdən biri də Rusiya hərbi bazasının Ermənistandan tam şəkildə çıxarılmasıdır: “Onlar açıq şəkildə deyirlər ki, Ermənistan təhlükəsizliyinin təminatını Türkiyə və Azərbaycanla həyata keçirməlidir. Bu halda ölkəni nə gözləyir? Böyük ehtimalla Ermənistanın dövlət kimi ləğvi prosesi başlayır”.
Xatırladaq ki, dünən Ermənistan mətbuatı da Azərbaycan yaxın aylarda “Zəngəzur dəhlizi” məsələsində hədəfinə nail olacağını və bu işdə Qərbin Bakıya ciddi siyasi dəstək verəcəyini yazmışdı. Bildirilirdi ki, Bakı və İrəvan arasında əlaqələrin yaradılması üçün ilkin prinsiplər məhz dəhliz məsələsi həll edildikdən sonra razılaşdırılacaq.
Elxan SALAHOV