Bu ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı könüllü şəkildə bölgəni tərk edərək Ermənistana gedən erməni sakinlər rəsmi İrəvanın onların problemlərini həll edə biləcəyinə inanmır. Ən son məlumatlara görə, senyabrdan bəri Ermənistanı tərk edərək xaricə köçən Qarabağ ermənilərinin sayı 17 mini ötüb.
Əslində Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi yeni xəbər deyil və bu proses bölgədə separatçıların kökünün kəsilməsi ilə nətəcələn antiterror tədbirlərindən cəmi bir neçə gün sonra başlayıb. Lakin son bir ayda Ermənistanı tərk edənlərin sayı kütləvi xarakter alıb və bu, Qarabağ ermənilərinin üzləşdiyi sosial çətinliklərdən daha çox Paşinyan hökumətinin apardığı uğursuz siyasətlə bağlıdır. Ekspertlərin bildirdiyinə görə, rəsmi İrəvan Qarabağ ermənilərinin Ermənistanı tərk etməsində maraqlıdır və bu prosesin kütləvi xarakter almasına bilərəkdən şərait yaradılır. Məqsəd isə Zəngəzur dəhlizi və ermənilərin Qarabağa qayıdışı ilə bağlı tələblərə Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri yerinə yetirməkdən yayınmaqdır.
Xatırladaq ki, rəsmi Bakı hələ antiterror tədbirləri zamanı Qarabağda yaşayan dinc əhaliyə bölgəni tərk etməmək barədə çağırışlar etmiş və reinteqrasiyaya başlamaq istiqamətində müvafiq addımlar atmışdı. Bununla belə, ermənilərin böyük əksəriyyəti Azərbaycan hökumətinin çağırışlarını məhəl qoymayaraq könüllü şəkildə bölgəni tərk edib. Azərbaycan tərəfi isə əvvəlki mövqeyində qalaraq geri qayıtmaq istəyən erməniləri vətəndaşlığa qəbul etməyə, onların ölkədə yaşayan digər xalqların nümayəndələri kimi bərabərhüquqlu yaşamağa təminat verdiyini bəyan edib. Bu məsələ hələ antiterror tədbirlərindən əvvəlki sülh danışıqlarında da gündəlikdə olub və qeyd edilib ki, Qarabağ ermənilərinin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edəcək. Belə ki, iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan liderləri öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb. Eyni zamanda iyulun 15-də xarici işlər nazirlərinin Moskva görüşündə də bu məsələ diqqətdə olub və bir daha tərəflər arasında razılaşdırılıb.
Qarabağ ermənilərinin Azərbaycana qayıdışı Qərbi azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil etməsini prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində də bildirib.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Qarabağ ermənilərinin Ermənistanı kütləvi şəkildə tərk etməsi məhz bu amillə bağlıdır. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyəqədərki danışıqlar masasında müzakirə olunduğunu deyən Asif Nərimanlının sözlərinə görə, Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın hakimiyyət dairələri erməni əhalini kütləvi şəkildə bölgəni tərk etməyə sövq edir: "Rəsmi İrəvanın bu niyyətinin arxasında azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının qarşısını almaq dayanır. Bu, Ermənistan hökumətinin və konkret olaraq Paşinyanın hədəfidir. Əks halda Qarabağ erməniləri geri qayıdıb Azərbaycan vətəndaşı kimi yenə də bölgədə yaşayacaq və onların hüquqları təmin olunacaqdı. Bu, o deməkdir ki, İrəvan da öz növbəsində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli və eyni hüquqları tanımalıdır. Lakin İrəvan ermənilərin Qarabağa qayıdışını əngəlləməklə bu məsələdən yayınır. Bunun üçün Qarabağa qayıdacaq potensial erməni əhalinin Ermənistandan üçüncü ölkələrə köç etməsi üçün lazım olan şərait yaradılır. Paşinyan hökuməti bununla Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə etmək imkanı qazanır".
Bununla belə, ekspert hesab edir ki, Ermənistan hökumətinin bu hədəfə nail olmaq imkanı yoxdur. Asif Nərimanlının sözlərinə görə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə də, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri kimi qalacaq: "Çünki Ermənistanı kütləvi şəkildə tərk edərək xaricə köçən Qarabağ ermənilərindən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun olaraq, qaçqın sayılır və onların Ermənistan ərazisində mülkiyyət haqları var".
Elxan SALAHOV