“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan sosial media hesabında məlumat yayıb. O, bununla bağlı videogörüntüləri də sosial mediada paylaşaraq yaxın vaxtlarda layihənin icrasına başlanacağını deyib.
Erməni nazir bildirib ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən (ermənilər bu yaşayış məntəqəsinin adını saxtalaşdıraraq "Yerasx" qoyublar) kəndində tikiləcək zavodun illik istehsal gücü 180 000 ton olacaq. Ümimi sahəsi 16 500 kvadratmetr olan zavodunun inşasının bir il ərzində başa çatdırılması nəzərdə tutulur.
Mənfur qonşumuzun Arazdəyən kəndində metallurgiya zavodu tikmək niyyətindən Azərbaycan hökuməti də xəbərdardır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vahan Kerobyanın sosial media hesabında yaydığı videogörüntülərdən sonra Ermənistanın qanunsuz bu hərəkətlərinə etiraz edib. Nazirliyin bununla bağlı yaydığı bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanla həm sərhəd ərazidə iri metallurgiya müəssisəsi tikmək cəhdi BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir. Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.
Bəyanatda qeyd edilir ki, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.
"Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır. Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın belə qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib" deyə, bəyanatda bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırır.
Elxan Salahov