Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti haqqında məlumat verən Komitənin sədr müavini Azərbaycan ərazilərinin işğalı nəticəsində minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu diqqətə çatdırıb.
F.Hüseynov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və bu kateqoriyadan olan insanların problemlərinin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqət göstərdiyi barədə geniş məlumat verib. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldığını vurğulayan komitə sədrinin müavini işğaldan azad olunmuş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz qayıdışının və reinteqrasiyasının Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Mühazirədə işğaldan azad edilmiş ərazilərdə hazırda nəhəng infrastruktur layihələrinin həyata keçirildiyi, bununla yanaşı, ermənilərin 30 illik işğal dövründə minaladığı Azərbaycan ərazilərinin mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etdiyi, beləliklə fundamental insan haqlarını kobud şəkildə pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri təxirəsalınmaz tədbirləri görməyi tələb edib və bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi artırmalıdır.
Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında reinteqrasiyası üzrə də dünyaya yeni nümunəvi bir model təqdim edəcək.
Sonra Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən, oradakı yaşantıları barədə “Bura mənim evimdir” filmi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı videoçarxlar nümayiş olunub. Həmçinin Böyük Qayıdışa dair nəşr olunmuş çap materialları iştirakçılara paylanılıb. Təqdim edilmiş materiallar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.