Doğma yurdumda günü-gündən cavanlaşıram
Öz ata-baba yurduna qayıdanlardan biri də Əfzələddin Əliyevdir. Ə.Əliyev deyir ki, bəlkə də, rayonu ən gec tərk edənlərdən biri mən olmuşam. Onda 29 yaşım vardı. 60 yaşımı doğma Füzulidə qeyd eləmişəm. Füzuliyə qayıtmaq ən böyük arzum olub. Öz yurdumda günü-gündən cavanlaşıram. Özümü gümrah hiss edirəm, sevinirəm, fərəhlənirəm... Çünki bir vaxt bu bir yuxu idi. Düşünürdüm ki, görəsən nə vaxtsa heç olmasa yurdumu turist kimi gedib görə bilərəmmi? Deyirdim, Allah, kaş bir quş olaydım, Füzulini dolanaydım. Şükür, indi hər gün Füzuli şəhərini başdan-ayağa gəzirəm.
Şəhidlərimizin ruhu şad olsun
Füzuli sakini Ülkər Hacıyeva deyir ki, çox dəhşətli günlər görmüşük, bu günümüzə çox şükür. Allaha çox şükür ki, biz torpağımza qayıtdıq. Bir məclisimiz olanda arzulayırdıq ki, gələn il onu öz yurdumuzda qeyd edək... Burda qanı tökülən şəhidlərimizin ruhu şad olsun. Onlar körpə balalarını, gözüyaşlı ata-anasını, evdə xəstəsini qoyub gəlib bu torpaqlarda vuruşub onu bizə qaytarıblar. Bu torpaq üstündə çox qanlar tökülüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Füzulidə yaşamaq çox qürurvericidi
Füzuli sakini Firuzə Hacıyeva 36 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur. O, iki ildir artıq Füzuli məktəbinin müəllimidir. Deyir ki, doğma Füzulidə yaşamaq, burada çalışmaq onun üçün çox qürurvericidi: “Bu çox gözəl hissdi. Mən Füzuli məktəbində oxumuşam. İndi onun adı dəyişib. Amma yenə də 1 nomrəli orta məktəbdir. Mən hər gün sinifimdən baxanda evimi görürəm. Hər gün dua edirəm ki, nə yaxşı biz qayıtmışıq, nə yaxşı Füzulidə yaşayırıq...”
Mina RƏŞİD