Tədbirdə iştirakçılara 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar məlumat verilib. Qeyd edilib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar növbəti ilin 23 Aprel tarixinədək Günün qeyd edilməsini öz təşəbbüsləri vasitəsilə təmin etmək üçün şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.
23 Aprel dünya ədəbiyyatında simvolik tarixdir.
UNESKO öz fəaliyyəti dairəsində kitabları və müəlliflik hüququnu təşviq edərək “Ədəbiyyatın Kreativ Şəhərləri” şəbəkəsindən tutmuş savadlılığın təşviqinə, mobil tədrisə, elmi biliklərə və təhsil resurslarına açıq girişin təkmilləşdirilməsinədək yaradıcılığı, müxtəlifliliyi və biliklərə bərabər səviyyədə əlçatımlığı dəstəkləyir.
Müəlliflər, naşirlər, müəllimlər, kitabxanaçılar, ictimai və özəl müəssisələr, humanitar QHT-lər və KİV-lərin, həmçinin birlikdə işləmək həvəsi olan bütün maraqlı tərəflərin də aktiv şəkildə cəlb olunması ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib.
Kitab bütün zamanlarda bəşəriyyətə gərək olub, insanlığın yoluna işıq salıb, gələcəkdə də xalqların tərəqqi və intibahına xidmət edəcəkdir.
Mina RƏŞİD