Şuşa yaxınlığında mülki helikopterin ermənilər tərəfindən vurulmasından 34 il ötür. 1992-ci il yanvarın 28-də, Qarabağ hadisələrinin ən gərgin dövründə, Şuşanın Xəlfəli kəndi yaxınlığında göyərtəsində 44 nəfər olan Azərbaycan mülki aviasiyasına məxsus Mİ-8 tipli helikopter düşmən tərəfindən vurulub. Nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 41 mülki şəxs və 3 ekipaj üzvü faciəvi şəkildə həlak olub.
Bu hadisə Azərbaycanın görkəmli dövlət xadimlərinin və jurnalistlərinin həyatına son qoyan Qarakənd faciəsindən (20 noyabr 1991-ci il) sonra baş verən ikinci analoji hava terroru idi. Cəmi bir ay sonra isə tariximizin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı törədildi.
Həmin yanvar günündə daha sonra erməni silahlıları tərəfindən nişana alınan helikopter Ağdamdan mühasirədə olan Şuşaya mülki uçuşlar həyata keçirirdi. Saat 16:20-də, iki uğurlu uçuşdan sonra helikopter yenidən havaya qalxsa da, eniş zamanı Xankəndi istiqamətindən zenit-raket kompleksindən buraxılan “Stinger” tipli termal raket ilə vuruldu. Ekipaj komandiri Viktor Seryogin yanmaqda olan helikopteri Şuşa şəhərinin yaşayış məntəqələrindən uzaqlaşdıraraq daha böyük itkilərin qarşısını almağa nail oldu.
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu hadisəni terror aktı kimi qiymətləndirdi. Erməni tərəfi raketin buraxılması faktını inkar etməsə də, öz hərəkətlərini guya helikopterlə erməni yaşayış məntəqələrinə hücum üçün silah daşınması ehtimalı ilə əsaslandırmağa çalışdı. Lakin helikopterin mülki sərnişinlər daşıması və ölənlərin mülki şəxslər olması bu iddiaların əsassız olduğunu sübut etdi.
Faciədə həlak olan ekipaj üzvləri - Viktor Seryogin (komandir), Səfa Axundov (pilot) və Arastun Mahmudov (bortmexanik) ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Onlar Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub, xatirələri məktəb, küçə və abidələrin adlarında əbədiləşdirilib.
Xəlfəli faciəsi Azərbaycanın müstəqillik tarixində dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi yadda qalıb və bu gün də xalqımız tərəfindən dərin hüznlə anılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ