Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu: “Marağa -150” abidəsi” layihəsi başa çatıb. Bu münasibətlə Bərdə Peşə Liseyində, 4 və 5 nömrəli tam orta məktəblərdə təqdimat mərasimləri keçirilib.
Müzakirələrdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin əməkdaşları Şəmsiyyə Abbaszadə və Orxan Fəxrəddinov, Bərdə rayon Gənclər və İdman idarəsinin əməkdaşları Hikmət Ələkbərov və Aydın Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynov, Bərdə Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov, müəllimlər və gənclər iştirak ediblər.
Tədbirlərdə “Ermənilərin Qarabağa köçürülməsinin əyani sübutu: “Marağa -150” abidəsi” layihəsi, layihə çərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Gənclər Fondunun keçirdiyi 13-cü qrant müsabiqəsində qalib gələn bu layihənin ilk mərhələsində “Marağa-150” filmi hazırlanıb. “Marağa-150” abidəsinin qalıqları Tərtər rayonunun Şıxarx qəsəbəsinin yaxınlığında yerləşir. Abidə ermənilərin İranın Marağa kəndindən Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar olaraq, 1978-ci ildə qoyulub. Qarabağ ərazisində daha iki belə abidə olsa da, həmin abidələr Ermənistanın işğalında olarkən dağıdılıb. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə ermənilərin burada köklü xalq olmadıqlarının sübutu olduğuna görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları başlayanda özləri tərəfindən dağıdılıb.
Layihənin ilk mərhələsində tədqiqat işləri aparılıb, çəkilən “Marağa-150” filmində abidənin qalıqları və şəkilləri geniş əks olunub. Abidənin 1978-ci ildə açılışında iştirak etmiş soydaşlarımızın müsahibələri də filmdə yer alıb. Ssenari müəllifi Şöhrət Eyvazov, quruluşçu operatoru Zahir Əsədov olan filmin xarici dillərə dublyajı da nəzərdə tutulub.
Layihənin ikinci mərhələsində məktəblərdə görüşlər keçirilib, gənclərə “Marağa-150” filminin diskləri təqdim edilib. Layihə rəhbəri Kənan Eyvazov Azərbaycan Gənclər Fondunun keçirdiyi layihələr haqqında məlumat verərək, iştirakçıları belə layihələrdə yaxından iştirak etməyə çağırıb.
Diqqətə çatdırılıb ki, layihədə məqsəd ermənilərin Qarabağda son yüzilliklərdə məskunlaşmalarını sübut edən film çəkmək və bunu gənclərə, ictimaiyyətə çatdırmaqdır. “Marağa–150” filmi ilə tədqiqatçılara, xüsusilə də gənclərə tutarlı mənbə təqdim etmək, 1988-ci ildə “Marağa-150” abidəsinin ermənilər tərəfindən dağıdılmasının məqsədyönlü olmasını göstərmək, Ermənistanın son iki əsrdə Azərbaycana qarşı yönələn ərazi iddialarının əsassız olduğunu sübut etmək, Qarabağ həqiqətləri haqqında bilikləri real və virtual məkanda genişləndirmək və yaymaqdır.
Layihədən filmin təqdimatı və disklərin paylanması olan görüşdə iştirak edən 165 gənc birbaşa, “Marağa-150” abidəsi” filminin sosial şəbəkələrdə yayılması ilə isə mindən çox gənc bilavasitə bəhrələnəcək.
Layihənin koordinatoru Şöhrət Eyvazov “Marağa - 150” filminin yutub platformasına yerləşdirildiyini və layihə başa çatdıqdan sonra onun sosial şəbəkələrdə geniş yayılması üçün konkret addımlar atılacağını bildirib. Virtual aləmdə “Marağa-150” filminin əlçatanlığı layihənin davamlılıq müddətini və auditoriyasını genişləndirəcək.
Çıxışlarda Ermənistanın Qarabağa ərazi iddialarını saxta tarixlə əsaslandırmağa çalışdığı, əslində isə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsinin XIX əsrin 20-30-cu illərindən başladığı vurğulanıb. Bildirilib ki, Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən belə layihələr informasiya cəmiyyətinin tələblərinə uyğun müasir, daha doğun informasiya mənbələrinə ehtiyacın ödənilməsində mühüm addım sayıla bilər. (AZƏRTAC)