09.02.2026, 02:41
AZ EN
24.10.2025, 10:45 639

Qarabağ baharlılarının parlaq siması: Mirzə Vəli bəy Baharlı

QARABAĞ
  • Azərbaycanın qədim türk tayfalarından sayılan baharlılar tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Baharlı tayfası Azərbaycanın, ümumiyyətlə Şərqin ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları baharlılardır. Məqalədə  bütün tarixi faktlar və hadisələr “Şərq tarixi: Baharlılar” (I kitab, Bakı 2013),  “Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)” (Bakı, 2015), “Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri” (Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanmışdır.

XVIII  əsrdə yaşamış Qarabağ baharlılarından söhbət açarkən  ilk olaraq yada müdrik dövlət xadimi, incə ruhlu şair Mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlı (1725-1795)  yada düşür. O, XV əsrdə yaşamış Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan  hakimi Əlişəkər bəy Baharlının nəslinin 9-cu nümayəndəsidir. Babur imperatorluğunun  başçısı  Əkbər  şahın  atabəyi olub, ölkəni  4 il müstəqil idarə  etmiş, eyni zamanda incə ruhlu şair  xanlar xanı Bayram  xan  Seyfəli bəy oğlu Baharlı,  dövlət  xadimi olmaqla yanaşı türk, fars, hind  dillərində şeirlər  yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Ulu babam  Mirzə Vəli bəy Baharlının nəsil şəcərəsi ilk dəfə bu sətrlərin müəllifi tərəfindən tərtib edilmiş, soy ağacı qırılmadan  XV əsrdə yaşamış Əlişəkər bəydən başlayaraq dövrümüzün şəxsiyyətlərinə qədər hazırlanmış, monoqrafiya və kitablarıma salınmışdır.  

Mirzə Vəli bəy Baharlı haqqında təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın  hadisələri”, Məhəmmədəli bəy Vəlizadənin “Əhvalati-Qarabağ” və başqa Qarabağa aid yazılan salnamələrdə onun adı çəkilmiş, həyatı və fəaliyyəti haqqında qısa məlumat verilmişdir. Görkəmli şair, ədəbiyyatşünas, rəssam, xəttat, musiqişünas Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” əsərlərində Mirzə Vəli bəy Baharlının həyatı və yaradıcılığı haqqında söhbət açılmışdır.

Bəzi tarixi faktları və hadisələri müqayisə edərkən Mirzə Vəli bəy Baharlının 1725-ci ildə anadan olması qənaətinə gəlmək mümkündür. O,  mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olmuş, eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Qarabağa aid yazılan salnamələrə görə, Molla Pənah Vaqifin saraya dəvət edilməsi Mirzə Vəli bəy Baharlının təklifi və məsləhəti ilə olmuşdur.

          Mirzə Vəli bəy Baharlı gənclik illərində Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi. Bəzi tarixi faktlara istinadən ehtimal etmək olar ki, Pənahəli xan Kərim xan Zəndin dəvəti ilə Şiraza gedərkən özü ilə apardığı yaxın adamları sırasında Mirzə Vəli bəy Baharlı da var idi. O, sonralar Pənahəli xanın yerinə taxta çıxmış oğlu İbrahimxəlil xanın etibarını qazanmış saray əyanlarından biri olmuşdur. İbrahimxəlil xanın inandığı, arxalandığı, təcrübəli dövlət adamlarından sayılmışdır. Xanlığın bütün məsələlərinin həllində onun verdiyi ağıllı məsləhətlər də əsas rol oynamışdır. Məhz bu istedadına, etibarına görə Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi bir neçə diplomatik danışıqlarda Qarabağ xanlığını layiqincə təmsil etmişdir.

İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarla dostluq münasibətləri yaratmaq məqsədilə Mirzə Vəli bəy Baharlını əmisi oğlu Əbdüssəməd bəylə birlikdə İrana elçi göndərmişdir. Elçilər bir müddət Tehranda yaşamalı olmuş, bir sıra siyasi məsələlərin həll edilməsində yaxından iştirak etmişdilər. Lakin çox keçmir ki, Rusiyaya meylli olmaqda günahlandırılan İbrahimxəlil xanla Ağa Məhəmməd şah Qacar arasında münasibətlər pozulmuşdur. Ağa Məhəmməd şah Qacar İbrahimxəlil xanı cəzalandırmaq üçün diplomatiya qaydalarının şərtlərini pozaraq Qarabağ xanlığının ağıllı dövlət adamı Mirzə Vəli bəy Baharlını və onunla gəlmiş saray əyanlarının həbs edilməsi haqqında əmr vermişdir. Qarabağa aid salnamə müəlliflərinin yazdıqlarına görə, Əbdüssəməd bəy Qarabağa qaçmağa təşəbbüs etsə də, yolda qətlə yetirilmişdir. Həmin müəlliflərin qələmə aldıqları salnamələrdə bildirilirdi ki, Qarabağ xanlığında İbrahimxəlil xana yaxın dörd şəxs olmuşdur. Mirzə Vəli bəy Baharlı, Əbdüssəməd bəy, Molla Pənah Vaqif, Batmanqılınc Məhəmməd bəy İbrahimxəlil xanın məsləhətləşdiyi, etibar etdiyi ağıllı dövlət adamları idilər. İbrahimxəlil xan xanlığın bütün məsələlərinin həll edilməsində onlarla məsləhətləşmişdir. İbrahimxəlil xan vəziri, etibar etdiyi yaxın məsləhətçisi Mirzə Vəli bəy Baharlını azad etməyə çalışsa da, Ağa Məhəmməd şah Qacarla apardığı danışıqlar nəticəsiz olmuşdur. Ağa Məhəmməd şah Qacar  Qarabağ xanlığının güclənməsini istəmədiyi üçün ağıllı, təcrübəli dövlət xadimi Mirzə Vəli bəy Baharlını İbrahimxəlil xana qaytarmamışdır. Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Mirzə Vəli bəy Baharlının qətlə yetirilməsi ilə bağlı fərman vermişdir. Onun Mirzə Vəli bəy Baharlı  haqqında çıxartdığı ölüm fərmanı xüsusi bir qəddarlıq idi. Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Vəzirov, Məhəmmədəli bəy Vəlizadə kimi salnamə müəlliflərinin yazdıqlarına istinadən Mirzə Vəli bəy Baharlı Tehranda döyüş topunun lüləsinin ağzına bağlanılaraq işgəncə ilə qətlə yetirilmişdir.

Qeyd edildiyi kimi Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” əsərində Mirzə Vəli bəy Baharlının həyatı və yaradıcılığı haqqında söhbət açılmışdır. O, Mirzə Vəli Baharlı ilə Molla Vəli Vidadini eyni şəxs kimi qəbul etməklə Molla Vəli Vidadinin yaradıcılığından bəzi nümunələri Mirzə Vəli bəy Baharlının şeirləri kimi kitaba salmışdır. Bu da sonrakı illərdə bir sıra mübahisələrə, yanlışlıqlara səbəb olmuşdur. Bu mövzuda baharlılara aid tədqiqatlarımda, monoqrafiylarımda ətraflı məlumat yazılmışdır.

Mirzə Vəli bəy Baharlının  Haşım bəy, İbrahim bəy, İmamverdi bəy, Həsənəli bəy adlı 4 oğlu olmuşdur. Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor  Zakir Məmmədov Mirzə Vəli bəy Baharlı nəslinin 6-cı nümayəndəsidir. Mirzə Vəli bəyin ikinci oğlu İbrahim bəyin nəslindəndir.

Mirzə Vəli bəy Baharlının qətlindən sonra nəvələri babalarının adını yaşatmaq üçün  Vəlibəyov Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.

Bu il müdrik dövlət xadimi, incə ruhlu şair Mirzə Vəli bəy oğlu Baharlının anadan olmasının 300 illik yubileyi tamam olur. Görkəmli dövlət xadiminin, incə ruhlu şairin ömür yolu tədqiq və təbliğ olunduqca layiqli qiymətini alır.

Orxan Zakiroğlu (BAHARLI)

Oxşar xəbərlər