“Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” (Bakı, 2025) adlı monoqrafiya görkəmli dramaturq, nasir, maarif xadiminin anadan olmasının 150 illik yubileyi münasibətilə çap edilib. Müəllifin uzun illər üzərində çalışdığı əsər tarixi qaynaqlar, arxiv materialları, tədqiqat əsərləri əsasında apardığı araşdırmalara istinadən yazılıb.
Kitabın “Görkəmli dramaturq, nasir, maarif xadimi” adlı başlıqlı bölməsində Süleyman Sani Axundovun soykökü, həyatı, yaradıcılığı araşdırılıb. Görkəmli ədibin, pedaqoqun soykökü arxiv materiallarına, müxtəlif illərdə aparılmış kameral təsvirə, özünün 1935-ci ildə qələmə aldığı "Tərcümeyi-halım"a istinadən yazılıb.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan Şuşa şəhərinin, Seyidli kəndinin (indiki Ağdam rayonunun Seyidli kəndi) Axundovlar ailəsinə aid kameral təsvirinin fotoşəkilləri kitaba salınıb. Müxtəlif illərdə aparılmış kameral təsvirinin fotoşəkilləri ilk dəfə bu monoqrafiyada çap olunur.
“Süleyman Sani Axundovun vəfatı mətbuat səhifələrində” başlıqlı bölmədə görkəmli yazıçının, maarif xadiminin vəfatı münasibətilə mətbuat səhifələrində çap edilmiş, 86 il öncəyə aid nekroloq, digər məlumatlar növbəti dəfə ətraflı araşdırılaraq fotoşəkilləri kitaba salınıb.
Monoqrafiyanın “Süleyman Sani Axundovun yubiley tədbirləri” başlıqlı bölməsində görkəmli ədibin, maarif xadiminin müxtəlif illərdə keçirilmiş yubileyi ilə bağlı məlumatlar ilk dəfə Azərbaycan və rus dillərində çap olunmuş müxtəlif adda qəzet və jurnala istinadən araşdırılıb. Araşdırmalar xronoloji ardıcıllıqla monoqrafiyaya salınıb.
Vaxtilə Süleyman Sani Axundovun anadan olmasının 90 və 100 illik yubileyi münasibətilə Azərbaycan televiziyası və radiosu silsilə verilişlər hazırlayıb. Söz ustadı haqqında müasirlərinin xatirələri, qələm sahiblərinin müsahibələri əsasında televiziya və radioda hazırlanmış ədəbi-bədii verilişlər efirə gedib. Ədibin əsərləri əsasında televiziya və radio tamaşaları hazırlanıb. Bu verilişlərin, tamaşaların hansı tarixdə efirdə göstərilməsi, səslənməsi ilə bağlı 50-60 il öncəyə aid bütün məlumatlar müəllif tərəfindən ilk dəfə tədqiq edilib. Sovet dövründə ədibin əsərlərinin teatrlarda tamaşasının oynanılması haqqında məlumatlar da ilk dəfə olaraq araşdırılıb. Ədibin 1945-1975 illəri əhatə edən yubileyləri ilə əlaqəli məlumatlar ilk dəfə monoqrafiyanın bu bölməsində tədqiq olunub.
“Uşaqlıq həyatımdan xatirələr”də “Seyidli kəndinin təbiəti və əhalisi” başlıqlı bölmə görkəmli ədibin memuarı ilə bağlı araşdırmalardır. Bu əsərdə adları çəkilən Seyidli kənd əhalisinin şəxsiyyəti növbəti dəfə müəllifi tərəfindən arxiv materialları əsasında ətraflı araşdırılımış, dəqiqləşdırılmışdır.
Kitabın “Axundovlar nəslinin görkəmli şəxsiyyətləri” başlıqlı bölməsində Süleyman Sani Axundovun ata-ana tərəfdən mənsub olduğu nəslin görkəmli şəxsiyyətləri haqqında məlumat verilmişdir. Görkəmli ədibə, ailəsinə, qohumlarına aid fotoşəkillər də kitabda işıq üzü görmüşdür. Axundovlar ailəsinin kameral təsviri əsasında hazırlanmış görkəmli ədibin nəsil şəcərəsi 2 cədvəldə ilk dəfə kitaba salınmışdır.
Süleyman Sani Axundovun dayısı görkəmli maarif xadimi, pedaqoq Səfərəli bəy Vəlibəyovun (1861-1902) qızları Nigar xanımın və Sürəyya xanımın (sənəddə Ayna xanım adı ilə də qeyd olunub – O.Z.B.) 2-ci Rus-Tatar Qadınlar Məktəbinə müəllim təyin edilməsi ilə bağlı Bakı şəhər Dumasının təhsil komissiyasının 1913-cü ilə aid qərarları monoqrafiyada ilk dəfə tədqiq edilib. Bakı şəhər Dumasının təhsil komissiyasının 1913-cü ilə aid 2 qərarın fotoşəkli monoqrafiyada çap olunur.
“Süleyman Sani Axundov müasirlərinin xatirələrində” başlıqlı bölmədə görkəmli dramaturqun, nasirin, maarif xadiminin müasirlərinin xatirələri çap olunur.
Orxan Zakiroğlunun (Baharlı) bu il işıq üzü görmüş növbəti əsəri “Seyidli oymağı və Kərbəlayi Miralılar nəsli” adlı monoqrafiya1dır. Kitab müəllifin uzun illər üzərində çalışdığı tarixi qaynaqlar, arxiv materialları, tədqiqat əsərləri əsasında apardığı araşdırmalar əsasında qələmə alınıb. Əsər müəllifin 2017-ci ildə işıq üzü görmüş “Qarabağın Seyidli oymağı” adlı monoqrafiyası əsasında hazırlanıb. 2015-ci ildə nəşr edilmiş “Seyidli oymağının bəzi tarixi şəxsiyyətləri” adlı kitab da “Qarabağın Seyidli oymağı” adlı monoqrafiyadan xülasədir.
“Seyidli oymağı və Kərbəlayi Miralılar nəsli” kitabı “Qarabağın Seyidli oymağı” adlı monoqrafiyadan sonra Seyidli oymağı və nəsilləri haqqında növbəti sanballı tədqiqat əsəridir. Seyidlidə Qazılılar, Məmmədbəyli (Murtuzabəylilər), Nəcəfqulubəyli, Kazımbəyovlar, Axundovlar, Şərifli, Kərbəlayi Miralılar, Bəbiralılar, Göyüşlülər, Eyvazlı, Mollalar, Şıxılı, Seyidlər, Molla Qurbanlı, Hacı İsmayıllılar, Hacı Tağılar, Əbülqasımlı, Nədirlər, Hacılar, Hacı Mahmudlu, Kəlba Əhmədli, Dəvəbatıran, İbadlar, Nənəşlər, Kərbəlayi Bahadurlu, Əbilli, Kəlba Vəlilər (Kötəlin üstü), İlanqırxanlar, Məşədi Yusifli, Fətalılar, Təpə məhlə, Tillər, Əmiraslanlılar, Məşədi Ələsgərlilər, Məmmədbağırlılar, Bədəllər, Ayaqyalınlar, Keçəllər məhləsi və başqa nəsillər, nəsillərin yaşadığı məhlələr olub. Əsərdə Seyidliyə aid növbəti dəfə tədqiqat işləri aparılıb, nəsilləri, tarixi şəxsiyyətləri, ziyalıları haqqında ətraflı məlumat araşdırılıb.
Seyidlidə yaşamış imam-peyğəmbər övladlarının, din xadimlərinin, alimlərinin tərcümeyi-halları növbəti dəfə tədqiq edilərək kitaba salınıb. Seyidlinin bəzi varlı tacirlərinin nəşr edilmiş tərcümeyi-halları da bu araşdırmalara aiddir.
Monoqrafiyada Kərbəlayi Miralılar nəslinin tarixi kökləri sistemli şəkildə əlavələrlə növbəti dəfə ayrıca araşdırılıb, şəxsiyyətləri, ziyalıları haqqında ətraflı məlumat verilib. Bu nəsildən olan Axund Molla Mustafa Əliyevin (1843-...) Ağdam Cümə məscidinin ilk axundu seçilməsi, tərcümeyi-halı monoqrafiya müəllifi tərəfindən araşdırılıb. Axund Molla Mustafanın vəfatından sonra axund seçilmiş oğlanları Hacı İbrahim ağa Axundovun, Axund Molla Zülfüqar Axundovun tərcümeyi-halları bu araşdırmalar sırasındadır.
Kitabda Seyidlidə 200-dən çox daş evin olması, vaxtilə 26 su dəyirmanının fəaliyyət göstərməsi haqqında məlumat verilir.
Əsərdə eyni zamanda Seyidlidə yaranmış, fəaliyyət göstərmiş təhsil ocaqlarının (“Ünas” məktəbi, Seyidli kənd orta məktəbi, Tillər kənd orta məktəbi) tarixi araşdırılır, müəllimlərinin siyahısı çap edilir. Bəzi müəllimlərin tərcümeyi-halları, nəsillərə görə, kitaba salınıb.
Seyidli kəndindən olan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü seçilən alimlərin (Adilə Namazova, Teymur Vəliyev, Zakir Məmmədov, Nərgiz Axundova) tərcümeyi-halları ayrıca çap olunur.
Müəllifin Seyidli oymağına və Kərbəlayi Miralılar nəslinə aid monoqrafiyalarının, kitablarının, elmi məqalələrinin siyahısı da kitabda işıq üzü görüb.
Seyidli kəndinin 1844-1873 illərə aid kameral təsviri də kitaba salınıb.
Hər iki kitab tədqiqatçılar, müəllimlər, tələbələr, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.