Uşaqlığımın keçdiyi, xatirələrimin canlandığı kəndə qayıdışım həm həyəcanlı, həm də kədərli idi. Ürəyimdə bir ümid vardı ki, illər sonra doğma torpağımın havasını udacaq, küçələrində gəzəcək, uşaqlıq xatirələrimi yenidən yaşayacağam. Amma məni gözləyən mənzərə tamamilə fərqli idi – dağıdılmış evlər, yerlə-yeksan olmuş abidələr, izsiz-soraqsız yox olan keçmişimiz...
Ən böyük arzum dünyaya göz açdığım evə baxmaq, uşaqlıq illərimi keçirdiyim həyətə ayaq basmaq idi. Amma qarşılaşdığım mənzərə məni sarsıtdı. Hacı bəy oğlu Məhəmməd bəyin, atam Qasımov Əsgər Məhəmməd oğlunun və mənim dünyaya göz açdığım ev darmadağın olmuşdu. İllər boyu bu evdə yaşanan xatirələr darmadağın olmuşdu... Divarlar uçurulmuş, həyət yerlə-yeksan olmuşdu. Heç bir iz qalmamışdı ki, burada bir zamanlar ailəmiz yaşayırdı.
Həyətdə addımlayarkən uşaqlıq xatirələrim gözümün önündən keçirdi. O evdə böyüdüyüm günlər, atamın, anamın səsi, uşaqlıq oyunlarımız... Amma artıq onların heç biri yox idi. Sanki o günləri bir film kimi xatırlamaqdan başqa əlimdən heç nə gəlmirdi.
Keçmişimizi yox etmək istəyənlər təkcə evlərimizi deyil, məzarlarımızı da dağıdıblar. Dünyasını dəyişmiş doğmalarımızın qəbirlərini ziyarət etmək istədim. Amma qarşılaşdığım mənzərə faciədən başqa bir şey deyildi. Ermənilər qəbirləri dağıtmış, məzar daşlarını söküb aparmışdılar. Ölülərimizə belə aman verməmişdilər...
Ata-baba məzarlarımızın yerlə-yeksan edilməsi, vandalların bu qədər vəhşiliyə əl atması məni dərin kədərə boğdu. Axı qəbirlər müqəddəsdir! Düşmənçilik nə qədər böyük ola bilər ki, hətta ölülərə belə rəhm edilməsin?! Bu sual beynimdə səsləndikcə içimdəki ağrı daha da böyüyürdü.
Mən doğulduğum evin yox olmasını, məzarlarımızın dağıdılmasını görüb göz yaşlarımı saxlaya bilmədim. Amma bir şeyi çox yaxşı anlayıram: biz bu torpaqlara qayıtdıq və bir daha heç vaxt buradan ayrılmayacağıq. Ermənilərin dağıtdıqlarını yenidən tikəcəyik, yox etməyə çalışdıqları izlərimizi daha da möhkəm şəkildə bərpa edəcəyik.
Bu torpaq bizimdir! Qoy hər kəs bilsin ki, Novruzlu kəndi və bütövlükdə Qarabağ yenidən dirçələcək!
Qarabağı bizə qaytaran Ali Baş Komandanımız cənab İlham Əliyevə “çox sağ ol!” deyirəm.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və müharibə veteranlarımıza can sağllğı arzu edirəm.
Elnur QASIMOV,
“Mingəçevir” futbol klubunun mətbuat katibi