Yeddi qapı monastırı Azərbaycan Respublikası Xocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşir. Erkən orta əsrlərə aid olan Alban monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarətdir. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında analoqu yoxdur. Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası ilə əlaqəlidir.
İsa Musayev