Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ülvi Quliyev “Vətən səsi”nin suallarını cavablandırıb
- Ülvi müəllim, fikirinizcə, oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” hansı məqamlarla diqqət çəkir?
-Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında diqqətçəkən məqamlardan biri dünya nizamının təhlükəsizliyinə yaranan qlobal təhdidlərdir. Xeyli vaxtdır ki, Avropa ölkələrindən bəzilərinin dövlət və hökumət başçıları siyasi münasibətlərin yeni formatda əlaqələndirilməsi təşəbbüsü ilə çıxış edirlər. Dünya nizamının təhlükəsizliyinə yaranan qlobal təhdidlər fonunda Avropanın siyasi arenasında belə bir rəy möhkəmlənir ki, qitənin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması başqa siyasi platformalara zəmin yaradır. Bu rəyin güclənməsi həm də ondan irəli gəlir ki, artıq mövcud olan beynəlxalq platformalar bəzən zəmanənin çağırışları ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Çünki ayrı-ayrı dövlətlərin həmin qurumlardakı siyasi inhisarçılıq və domoinantlıq həvəsi təsirli qərarların vaxtında qəbul edilməsinə mane olur.
Prezident İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında vurğulayıb ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin gözlənilməsi və bu prinsipin üstün hüquqi qüvvəsinin hamılıqla qəbul olunması əsas şərtdir. Prezident onun da altından xətt çəkdi ki, bu prinsipə münasibətdə selektiv yanaşma yolverilməzdir, çünki dünya nizamına artan təhdidlər həm də bundan qaynaqlanır.
Zirvə Toplantısında diqqətçəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin- Azərbaycan və Türkiyənin dövlət başçılarının birliyini, qarşılıqlı etimad və etibarını etiva edən səmimi davranış tərzi idi. Heç şübhəsiz ki, bu, bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmayıb. Zirvə Toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır.
- Azərbaycan Prezidenti tədbir çərçivəsinfdə hansı önəmli mesajları verdi?
- Dövlətimizin başçısı tədbir çərçivəsində verdiyi bəyanatlar və açıqlamaları ilə növbəti dəfə təsdiq etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikllərə sadiqdir, etibarlı tərəfdaş statusu onun siyasi renomesinin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident bu məqamı oktyabrın 6-da Praqada ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə xüsusi qeyd etdi: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı... Ona görə də Avropa İttifaqı ilə imzalanmış Memorandoma əsasən, növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox... Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji tərəfdaş olacaqdır”.
Bir məqam isə Prezident İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüsə sadiq olduğunu bir daha bəyan etməsi idi. Dövlətimizin başçısı növbəti dəfə vurğuladı ki, Azərbaycanın təklif etdiyi beş təməl prinsipi beynəlxalq hüquqa və dövlətlər arasında normal münasibətləri tənzimləyən ümumi normalara söykənir.
Prezidentin qabartdığı məsələlərdən biri də onunla bağlı oldu ki, zaman ötdükcə ölkəmizin haqlı mövqeyi daha çox anlayışla qarşılanır. Prezident İlham Əliyevin növbəti aqıqlaması Azərbaycanın tarixi zəfəri sayəsində regionda yaratdığı yeni reallığın dünya ölkələri tərəfindən qəbul edilməsi tendesiyasının güclənməsindən xəbər verir. Prezidentin də vurğuladığı kimi, bütün dünya ictimaiyyəti artıq açıq dərk edir ki, Qarabağ Azərbaycandır!
- Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistanın rəsmi nümayəndələrinin iştirak etdiyi görüşə dair verilən bəyanatlardan sonra Ermənistan fikrində hansı dəyişiklikləri ortaya qoyacaq?
- Ermənistan, nəhayət, daşı ətəyindən töküb, ölkəmizin ərazi bütövlüyünü və bu ərazilər üzərindəki suveren haqqını tanımaqdan başqa çıxış yolunun olmadığını anlayır. Bu, son 34 ildə Ermənistanın ölkəmizə qarşı ardıcıl sürətdə həyata keçirdiyi ərazi iddiası siyasətindən imtina mövqeyinə tədricən yaxınlaşdığını göstərir, sülh müqaviləsinin xoşluqla imzalayacağına, hardasa, müəyyən ümid yaradır. Şübhə doğurmayan isə odur ki, Ermənistan rəhbərliyi gec-tez Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəliyin icrasından, nə qədər çalışsa da, yayına bilməyəcək. O da şübhəsizdir ki, Prezident İlham Əliyevin bu açıqlaması istər Ermənstanın siyasi-hərbi rəhbərliyini, istərsə də onun himayədarlarını daha məsuliyyətli davranmağa sövq edəcək.
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ