Qarşılıqlı olaraq suverenliyin və ərazi bütövlüyünün tanınması. Gələcəkdə ərazi iddialarının istisna olunması. Güc tətbiq etməmək. Sərhədlərin müəyyənləşdirilməsi və üçüncü tərəflərin müdaxiləsinə yol verməmək. Sazişə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi olması SSRİ dövründəki inzibati sərhədlərə əsasən təsbit edilib. Bu Ermənistandan gələcəkdə Qarabağa iddia sürməsini qadağan edir. Habelə Ermənistan sərhədə üçüncü qüvvə yerləşdirməyəcək.
Bəs bu nə deməkdir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu suala belə aydınlıq gətirib:
“Bu o deməkdir ki, Avropa İrttifaqının monitorinq missiyası adlandırılan bu hərbləşmiş, siyasiləşmiş bu avantüra dəstəsi artıq sərhədlərdən kənara çəkiləcəklər. Ermənistanda mövcud olmayacaqlar. Beləliklə, sülhə kənar qüvvələrin müdaxiləsi olmayacaq”.
Eyni zamanda sərhədlərin delimitasiyası ayrıca komissiya vasitəsilə aparılacaq. Mütəxəssislərin sözlərinə görə, itkin düşmüş şəxslər barədə məlumat mübadiləsi və ədalətin təmin edilməsi sənəddə xüsusi yer tuitur. Sazişdə separatizmlə mübarizə Ermənistanın hüquqi öhdəliyi kimi qeyd olunub.
“İndi və gələcəkdə qarşılıqsız şəkildə ərazi iddiasının olmaması məsələsi durur. Bu da çox vacibdir. Əslində bu da Ermənistanın konstitusiya dəyişikliyinə getməsi zərurətinin 17 maddəlik sazişdə öz əksini tapmasıdır ki, Paşinyan dərhal referenduma getməlidir. Konstitusiyasını dəyişməlidir. Separatçı hərəkətlər dəstəklənməyəcək və tərəflər bir-birilərinin daxili işlərinə qarışmayacaqlar. Bu da mühüm bir məsələlərdən birdir”,- deyə millət vəkili qeyd edib.
Ekspertlər deyirlər ki, Ermənistanın digər dövlətlərlə razılaşmaları bu sazişə zidd ola bilməz. Həmçinin Ermənistan daxili qanunvericiliyi sazişin icrasına maneə kimi istifadə edə bilməz. Mübahisələr yalnız ikitərəfli komissiya vasitələri ilə həll olunacaq. Üçüncü tərəflərin müedaxiləsinə imkan verilməyəcək.
“Münasibətlərin pozitiv inkişaf dinamikası müşahidə olunarsa, həm də diplomatik münasasibətlər qurulacaqdır. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərinə uyğun olaraq təhlükəsizlik təmin olunacaq. Və bütün bu məsələlər, əlbəttə, bizim diqtə etdiyimiz şərtlər kontekstində mümkün olmuşdur. Eyni zamanda sülh müqaviləsinin imzalanması prosesi də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün Ermənistan öz ev tapşırığını yerinə yetirməlidir”.
Bu fikirləri isə politoloq İlyas Hüseynov deyib.
Paraflanan sülh sazişinin 15-ci bəndinə görə, Azərbaycan və Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra keçmişdəki bütün dövlətlər arasında iddia, şikayət və mübahisələri bir ay içərisində geri götürməlidir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələyə münasibət bildirərkən deyib:
“Hazırda da yenə də məhkəmələrdə hər iki dövlətin müraciətləri var. 15-ci bəndə əsasən hər iki tərəf həmin o müraciətləri geri götürüblər. Eyni zamanda 15-ci maddədə çox ciddi bir məsələ var ki, tərəflər bir-birinə qarşı informasiya müharibəsində iştirak etməyəcəklər. Bu çox ciddi bir maddədir. Hesab edirəm ki, bununla hər iki dövlət münasibətlərini yeni ağ səhifədən başlamaq istədiklərini ortaya qoydular”.
Bu sənəd uzun müddətli perspektivdə Azərbaycanın təhlükəsizliyi, suvernliyi və ərazi bütövlüyü ilə riskləri aradan qaldırır. Artıq sülh müqaviləsinin maddələri razılaşdırılıb və paravlanıb. Dəyişiklik olmayacaq. Azərbaycan və Ermənistan bu razılaşma əsasında bölgədə dayanıqlı sülhə təhlükəsizlik sistemi quracaq.
Tahirə AĞAMİRZƏ