Bunu İrəvan dialoqu forumunda Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Onun sözlərinə görə, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər.
“Avropa Birliyində sədrlik Macarıstandadır. Macarıstanın belə bir təşəbbüslə çıxış etməsi üçün elə bil ki, bir zərurət var. Ələlxüsus da nəzərə alınsa ki, əvvəllər daha çox bu təşəbbüslərlə Avropa Birliyinin prezidenti Şarl Mişel, sonra Jozef Barel çıxış edirdilər. Ancaq bunların ikisinin də demək olar ki, səlahiyyət müddəti bitib”.
Bunu ekspert Rasim Musabəyov İTV-yə açıqlamasında deyib.
Son zamanlar Bakı ilə İrəvan arasında vasitəçilik etmək istəyən ölkələrin sayının artması diqqət çəkir. Münaqişə dövründə vasitəçilikdə o qədər də maraqlı olmayan tərəflər, bəs görəsən, indi niyə fəallaşıb?
“Çünki işğal dövründə Minsk qrupu var idi və Minsk qrupu vasitəsilə görüşlər davam edirdi”.
Bunu ekspert Cavid Bəliyev məsələyə münasibət bildirərkən deyib. O, qeyd edib ki, işğal bitdikdən sonra Minsk qrupu məsələsi də bitdi, artıq tarixə qovuşdu: “İndiki dövrdə Azərbaycan-Ermənistan arasında davam edən görüşmələrdə Minsk qrupu öz rolunu itirib. Ona görə də alternativ ölkələr bu məsələdə təkilflərini irəli sürürlər. Düzdür, Azərbaycan ikitərəfli qaydada görüşmələri davam etdirməyə çalışır. Azərbaycan üçün üstünlük bundan ibarətdir. Amma bu cür platformalarda da görüşmək həm də gərginliyin azalmasına xidmət edir”.
Ekspertlər deyir ki, Macarıstanın vasitəçilik təklifi əsasən xarici işlər nazirliyi səviyyəsində Budapeştdə görüşün təşkili ilə bağlı ola bilər. Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunda olan Macarıstan platforma rolunu oynaya bilər. Lakin Budapeştlə münasibətlərini yeni normallaşdıran İrəvan bu platformada o qədər də maraqlı olmaz. Çünki Budapeşt Avropa Sülh Fondundan Ermənistana 10 milyard avroluq yardımı Azərbaycana görə bloklayıb. Bütün bunlara baxmayaraq, əsas diqqət 22-24 oktyabrda Kazanda keçiriləcək Briks Sammitində mümkün müzakirələrə yönəlib.
Hazırladı: Tahirə AĞAMİRZƏ