Prezidentin Kəlbəcər Rayonunda Xüsusi Nümayəndəliyi və Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xitmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə İlaxır Çərşənbədən bir gün əvvəl təşkil olunan həmin tədbirdən bəhs edən foto və videogörüntülər mətbuatda və sosial şəbəkələrdə trendə çevrilib.
Üç gündü Kəlbəcərdəki Novruz şənliyinin təsiri altındayam. Bu görünütlərə baxmaqdan doymuram! Təkrar-təkrar, geri çevirə-çevirə, dəfələrlə izləyirəm. Yenə doymuram, elə hey, baxmaq istəyirəm!
Kəlbəcər həsrətinin vüsala yetdiyi andı bunlar. Hər saniyəsində dünya boyda mətləblər var. Yaşanmışlar, bundan sonra yaşanacaq hər şeyi buradan oxumaq, görmək, duymaq olur!
Düşmənin yağmalayıb xarabalığa çevirdiyi dağıntılar üzərində qurulan şəhərin kiçicik bir məhəlləsində gözlə görünən, qulaqla eşidilən, könüllə duyulan hər şey gözəldir! Adam özünü ora çatdırmaq istəyir, oradakı insanların yanına can atır.
Bilirsiz necə?
- Uzun ayrılıqdan sonra quzu tək mələyə-mələyə anasının ağuşuna atılan körpə kimi;
- Susuzluqdan dili yanan, dodaqları təpiyən adamın könlü su istəyən kimi;
- Ciyəri paralanmış, oksigeni kəsilmiş ölümcül xəstənin yenidən nəfəs alması kimi...
Vallah-billah bu video adamı dirildir. Bu görüntülər yorulmuş, təbdən düşmüş, usanmış, iynənin ucu boyda işığa ümid edən çarəsizə ilahi bir güc, inam, həyat eşqi bəxş edir!
Orada:
- Özümü, əslimi, nəslimi, el-obamı, bütün Kəlbəcər və Qarabağ camaatını, Azərbaycan xalqının hər bir nümayəndəsini görürəm;
- Yurd-yuvası tarimar olmuş, əli qabarlı, qəlbi qübarlı ahıl və ağbirçəklərin titrək dodaqlarından süzülən şükranlığı, duaları eşidirəm;
- Məcburi köçkünlüyün diyarbadiyar çöllərə səpələdiyi, 30 il ərzində bir-birindən ayrı saldığı doğmaların indi necə xoşbəxt anlar yaşadığını duyuram;
- Ömrü boyu Kəlbəcəri görməyən, indiyədək bircə dəfə də ayağı o torpağa dəyməyən bakılı, sumqayıtlı, lənkəranlı, şəkili, naxçıvanlı, qazaxlı, gədəbəyli, şamaxılı... şəhidlərin valideynlərinin Kəlbəcərə necə bağlandığını hiss edirəm;
- Kəlbəcərin adı çəkiləndə şəhid balasını gözünün önündə canlandırıb “Can Kəlbəcər!” nidası ilə pıçıldayan anaların ürəyinin döyüntüsünü eşidirəm;
- Balasını o torpaqlarda şəhid verən ata-anaların gözündəki işığı görürəm;
- Hələ də nəşi tapılmayan qardaşının yolunu gözləyən bacıların ağarmış birçəklərindən boylanan kədər adamın ürəyini deşir;
- Sevdiyi oğlan cəbhəyə yollananda qonşunun uşağından göndərdiyi, yuxarı başında iri hərflərlə “Yolumu gözlə!” sözləri yazılmış məktubu hələ də xatirə saxlayan adaxlı qızın dağları gəzən baxışlarındakı həsrət diqqətimi çəkir;
- Qardaşı şəhid olandan sonra elçilərini geri qaytaran, dərdlə isinən köçkün komasından ayrılmaq istəməyən, anasına sığınıb bir ömür yas saxlayan bacıların soluxmuş çöhrəsindəki ifadələri oxuyuram;
-Kəlbəcəri işğaldan azad etməyə yollanarkən Murovun qar uçqununda həlak olan atasının üzünü görməyən, onun fotosuna baxa-baxa böyüyən uşaqların keçirdiyi hissləri daha yaxşı anlayıram;
- Əri şəhid olandan sonra övladlarını təkbaşına böyütmüş, boş qalmış atalıq qayğısının yerini doldurmaq üçün hər cür zəhmətə qatlaşmış gəlinlərin necə qocaldığını görürəm;
- Vətən savaşında qolunu-qıçını, beynini-bəbəyini itirən qazi qardaşların üzündəki sevinci, fərəhi görürəm orada!
Oradakıların əksəriyyətini tanımıram, çoxu ilə nəinki qohumluq əlaqələrimiz, heç şəxsi tanışlığımız da yoxdur. Sadəcə, dərdimiz qohumdur, sevincimiz-kədərimiz demək olar ki, eynidir, arzularımız doğmadır! Hətta doğmadan da yaxın!
Özümünkülərdir!
Kəlbəcərdə qalanan Novruz tonqalı ürəyimin başında yanır, elə bil.
Yaşamaq yanmaqdı, yanasan gərək... – ünlü şairimiz Bəxtiyar Vahabazdə belə deyirdi.
Yaşamağa, qarşıdakı fərəh dolu illəri görməyə dəyər. Yanıb-yaxılsaq belə...
1993-cü ildən bu yana Kəlbəcərdə belə bir şənlik olmamışdı. Bu sevincli bizlərə nəsib edən Tanrıya, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq!
Kəlbəcər Xüsusi Nümayəndəliyinə isə rayonumuzun adına layiq tədbir təşkil etdiyinə, məhdud imkan və şəraitdə bu işin öhdəsindən gələ bildiyinə görə əhsən, əhsən, yenə də əhsən!
P.S. Haqqında danışdığım videoya buradan baxa bilərsiniz:
https://www.facebook.com/reel/840496989063907