14.12.2025, 10:07
AZ EN
25.11.2025, 17:45

Kəlbəcər günü

Elxan SALAHOV

  • Bu gün Kəlbəcərin günüdür. Sərvətləri və təbii gözllikləri ilə bənzəri olmayan dağlar diyarının yağı tapdağından azad olub özümüzə qaytarıldığı gün...

İyirmi yeddi il səkkiz ay düşmən tapdağında qalan Kəlbəcərin döyüşsüz geri alındığı gün.

Ordumuzun şücaəti, xalqımızın birliyi və əzmi sayəsində BÖYÜK QƏLƏBƏMİZİN təqviminə qızıl hərflərlə yazılmış tarixdir bu gün.

İgid oğulların cəbhədə qazandığı uğurları diplomatiyada imzası ilə möhkəmləndirən Ali Baş Komandan 25 noyabrı Kəlbəcər Şəhər Günü kimi yazdı.

Ağır və acı məğlubiyyət sindomundan, amansız işğaldan qurtulub qələbəyə, zəfərə qovuşduq həmin gün. Yurdumuzun yağı tapdağından azad olması dirilərimizlə yanaşı, ölülərimizi də sevindirdi. Həmin günü, həmin anları yaşamaq necə böyük xoşbəxtlikdir, ilahi! Sanki Kəlbəcərin işğalından üzübəri itirdiklərimizin hamısı yerində idi. Hamı və hər şey...

Həmin gündən beş il keçir. Ötən beş ilin az qala hər gününü eyni hisslərlə, yaşadıq, hər fürsətdə doğma yurda ayaq basıb arzuları, ümidləri gerçəyə çevirmək istədik. 1993-cü ilin 1 aprelinin əzablarından qurtulub 2025-ci ilin 25 noyabrını əbədi və bundan sonra  daha heç bir qüvvənin sarsıda bilməyəcəyi GÜNə çevirməyə çalışdıq.

Çalışırıq – hər fürsətdə!
İstəyirik – hər rüsxətdə!

Daha böyük inamla, əzmlə arzulara doğru can atırıq. Noyabrın 25-ni Kəlbəcərin və kəlbəcərlilərin ən xoşbəxt gününə sevirmək istəyirik. Ata-baba yurdumuzda yaşamaqla, viran qalmış kəndlərimzdə firəvan həyatı bərpa etməklə, şəhid qanı ilə bərəkətə gəlmiş torpaqları əkib-becərmklə, iqtisadiyyatı dirçəltməklə, təbii sərvətləri pula çevirib ordumuzun və dövlətimizin borcunu qaytarmaqla...

Qırx dörd günlük müharibədən bəri Kəlbəcərin işğal tarixini demək olar ki, qeyd etmirik. Hamımız qələbəyə, BÖYÜK QAYIDIŞa köklənmişik.

Kəlbəcərdə işğal tarixini unutdura biləcək güzəran qurmaq istəyirik! İyirmi beş noyabrı məşəqqətlərlə dolu illəri əvəz edəcək qədər əbədi xoşbəxtliyə çevirmək istəyirik!

Qarşıda böyük bir missiya var: Kəlbəcəri həyatımızda, güzəranımızda, firəvan yaşayışımızda günümüzə çevirməyi bacarmalıyıq!