O günlər bir-bir gözlərim önündə gəlib dayanır. Müharibə başlayır, Müzəffər Ali Baş Komandanım səhəri dirigözlü açır, gözləri qançanağına dönüb, bıçaq sümüyə dayandı artıq, öldü var, döndü yoxdu, deyir... İllərdi bu günü gözləyən bütöv bir xalq o gecə ayağa qalxdı, öldü var, döndü yoxdu, dedi. Oğullar yaşını-başını, hələ dünyaya gəlməmiş balasını unutdu, öldü var, döndü yoxdu, dedilər. Siz heç belə müharibəyə yollanan igidləri gördünüzmü? Sevinclə, gülə-gülə, şükürlə, düşmənin canını almağa, zalımı, qansızı, Xocalı qatillərini torpağımızdan qovmağa oynaya-oynaya getdi oğullar... Hər gün o nər oğulları, o qəhrəman Şəhidlərimizi anıram. Onların atası, anası, balası, doğmaları ilə danışıram. Hamısı qürur duyur, gözyaşı içində “Vətən sağ olsun!”, -deyir. Balam, qardaşım, atam Şəhidim! 18-19 yaşında adına uşaq dediyimiz cəngavərləri varmış yurdumun, “Balan səni gözləyir, qoy mən önə keçim!”, deyən igidlər...
Necə qırğınlar, qanlı döyüşlərdən keçdiniz, biriniz şəhid olanda, onunuz yüyürdünüz, irəli atıldınız, “Düşməndə qisasımızı qoymarıq, biz bir ölər, min doğularıq!”, - dediniz. Bəs deyirdilər, keçilməz sədlər var, aşılmaz dağlar, Siz bəndi-bərəni illərdi qəlbinizdəki tufan, o qisasla yarıb keçdiniz. Ata-ananıza “Biz şəhid olsaq, ağlamayın, Vətən sağ olsun!”, -dediniz. Geriyə baxmadınız, Zəfər qazandınız!
Bütün millət ayağa qalxdı, Sizi əzizlədi, Sizi alqışladı, Sizi gözlədi. Yaşlı, qoca – hamımız bir yumriq kimi birləşib, hərəmiz bir əsgərə döndük 44 günlük Vətən müharibəsində. Ali Baş Komandanımız onda bütün dünyayla savaşırdı. Dünyanın heç bir gücü onun iradəsini qıra bilmədi, “Öldü var, döndü yoxdu!”, - dedi, qəhrəman Prezidentimiz!
Elə buna görə də, Azərbaycan belə böyük, həm də möhtəşəm bir QƏLƏBƏ qazandı. Başını qürurla qaldırdı, dünyanın gözünə dik baxdı, alnıaçıq üzüağ, qəhrəmanlıq simvoluna çevrildi.
Şanlı Zəfərimizin beşinci ildönümü indi abad Şuşada, Xankəndidə, Laçında, Xocalıda, Xocavənddə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdərədə elə möhtəşəm, elə qürurla qeyd edilir ki, qəlbimiz dağa dönür. Azad torpaqlarımızda bu beş ildə aparılan quruculuq işləri ölkəmizə gələn turistləri, xarici ekspertləri, jurnalistləri təəccübləndirir. Belə qısa bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş evlər, binalar, burada yaradılmış atmosfer insanları mat qoyur.
Bayram günlərində bu Zəfər günü uğrunda illərlə çalışan, çarpışan və bu arzuyla əbədiyyətə qovuşan Ulu Öndərimizin və bütün Şəhidlərimizin qarşısında baş əyirik. Bizə bu sevinci bəxş edən qazilərimizə, qəhrəmanlarımıza Allahdan cansağlığı diləyirik.
Yaşasın güclü, yenilməz Ordumuz, var olsun, Müzəffər Ali Baş Komandanımız!
Himnimizin sözlərində deyildiyi kimi:
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üçrəngli bayrağınla məsud yaşa!
Yaşa, yaşa, min yaşa, ey şanlı AZƏRBAYCAN!