26.09.2025, 02:22
AZ EN
25.09.2025, 17:23

Özünə qayıdan Kəlbəcər...

Elxan SALAHOV

Otuz il işğal altında qalan, azadlığına yenicə qovuşan, doğma sakinlərinə yenidən qucaq açan, dirçəlişinin ilk addımlarını atan Kəlbəcərdə. İlk qayıdış köçünün ardınca. Hələ cəmi 81 ailənin köçürüldüyü yurdda. Öz isti ocağına dönmüş ailələrin məcburi köçkün yataqxanalarından gətirdiyi köçü hələ tam şəkildə yerbəyer etməyə macal tapmadığı şəraitdə...

İnanmaq olmur. Adam gözləri ilə gördüklərinə, qulaqları ilə eşitdiyinə inanmaq istəmir. Saki gerçək yox, şirin xəyaldı...

Qısa müddətdə, məhdud şəraitdə belə bir tədbiri yüksək səviyyədə təşkil edib başa gətirmək doğrudan da böyük hünərdir! Kəlbəcərin adına layiq QAYIDIŞ belə olur!
Jurnalist həmkarlarımın festivaldan hazırladıqları reportajları, həmyerlilərimin “Facebook”da paylaşdıqları foto və videoları izlədikcə ermənilərin Kəlbəcərdə keçirdiyi bir “tədbir” gözlərim önündə canlanır. Cəmi 6 il əvvəl, 2019-cu ilin elə bu günlərində. Yağı düşmən tapdaq altında saxladığı yurdumuzda “bal festivalı” keçirir, tarixi Azərbaycan torpağında öz “məhsullarını” dünyaya nümayiş etdirirdilər. Orada Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənirdi. Həmin “festivalda” Ermənistanın dövlət və hökumət nümayəndələri ilə yanaşı Qarabağdakı erməni separatçılarının o zamankı rəhbəri Bako Saakyan da iştirak edirdi. İndi Bakıda məhbus həyatı yaşayan, törətdiyi cinayətlərə görə Azərbaycan məhkəməsi qarşısında dindirilən, haqq-hesabı çəkilən terrorçu dəstənin ən fəal üzvlərindən olan Saakyan...

Və indi doğma Kəlbəcərimizdə keçirilən bal yarmarkasından hazırlanan reportajları izlədikcə bu günümüzə şükr edir, qürurlanıram! Nə yaxşı ki, otuz ildən çox çəksə də, ilahi ədalət öz yerini tapdı!

Otuz iki illik ayrılıqdan sonra Kəlbəcərə həyat yenidən qayıdır. Tarixi keçmişi, milli-mənəvi dəyərləri, adətləri, təsərrüfat ənənələri ilə birlikdə. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Kəlbəcər Bal Festivalı 2025” həm də düşmən tapdağından azad edilmiş yurda qayıdışın rəmzi mənası, Kəlbəcərin xoşbəxt və firəvan gələcəyinin anonsudur.

Prezidentin xüsusi nümayəndəsi də, Kənd Təsərrüfatı naziri tədbirin rəsmi hissəsində çıxış edərkən xoş bir xəbərin də müjdəsini verdilər: Kəlbəzərdə bal festivalının gələcəkdə beynəlxalq festival səviyyəsində təşkili planlaşdırılıb.

Barlı-bərəkətli, çal-çağırlı, bal kimi şirin qayıdış! Bu festival həm də Kəlbəcərin özünəqayıdışıdır!

Kəlbəcərə “Böyük qayıdış”ın ilk köç karvanının ardınca belə bir möhtəşəm festivalın keçirilməsi qanı və canı bahasına torpaqlarımızı yağı düşməndən xilas edən şəhidlərin ruhuna ehtiramın bir nümunəsidir.   

Möhtəşəm və təntənəli qayıdışın mübarək, Kəlbəcər!