26.09.2025, 02:27
AZ EN
24.09.2025, 17:00

Vətəni Xanı kimi sevmək...

Mina RƏŞİD

...Dünəndən hamı ondan danışır, hər tərəfdən onun səsi, avazı gəlir

 

Aləm cənnətə dönsə

Yaddan çıxmaz Qarabağ,

Cənnət Qarabağ,

Gözəl Qarabağ...

 

Bax, bu odu, illər öncə köçkün kimi sığındığımız yataqxanada gördüyüm qarayanız, istiqanlı, gülərüz oğlan. Sonra eşitdim ki, o həm də qəhrəman döyüşçü, igid bir kəşfiyyatçı olub. Ona yaşayan, canlı əfsanə də deyirdilər. Hamımızın “Xanı” kimi tanıdığı gizir Əhmədov Səyyaf Fiqan oğlunun dünən Ağdamda minaya düşərək faciəli həlakı ilə bağlı xəbər bütün gündəmi tutdu. Onun Ağdamda şirin avazla oxuduğu “Qarabağ şikəstəsi” bizi bizdən aldı...

Bəs görəsən Xanıya olan bu qədər el məhəbbətinin sirri nədir, yox, bu onun təkcə oxumağı, səsi ilə bağlı deyil. Bu sevgi onun Vətənə olan içdən, ürəkdən gələn, canını verdiyi, gözlərini yaşardan bir sevgidir. Onu tanıdıqca “Ağdamın Xanı”, “Xanının Ağdamı”, “Ağdamın canlı əfsanəsi” sözləri dilə gəlir. “Ağdam” deyəndə Xanı, “Xanı” deyəndə Ağdamı düşünürsən...

Xanı deyirdi ki, bura Ağdamdı, Qarabağdı, Vətəndi. Bura hər qarışına onlarca Şəhid verdiyimiz torpaqdı... Düzdü biz hamımız “Vətən!” deyirik, bayrağımızı qucaqlayıb şəkil çəkdiririk. Amma hamı Xanı kimi Vətəni sevirmi?

 Xanı gənclərə deyirdi ki, hər şeydən əvvəl Vətəni sevmək lazımdı. Onunla bağlı reportaj hazırlayan jurnalistin önünə o döyüş yoldaşları və şəhidlərlə bağlı stendlərlə, onların məzarı ilə, şəhid xatirələri ilə çıxırdı...

Xanı deyirdi ki, insanın döyüş yoldaşları, dostları ona qardaşdan da əzizdi. Onları unutmaq olmaz. Belə can dostlarının çoxu şəhid olmuşdu Xanının. Onlardan biri haqqında deyir ki, yaralı olanda Şamil məni qucağında gətirdi. Bir az sonra ondan xahiş elədim ki, məni yerə qoysun. Həmin anda yanımıza bir snaryad düşdü. Şamil özünü mənim üstümə atdı və qəlpələr onu tutdu. Sonra bizi aparmağa gələndə ağır yaralı vəziyyətdə, qan içində idi. Amma kim ona yaxın gedirdisə deyirdi ki, mənə dəyməyin, tez Xanını həkimə çatdırın. Həmin gün Şamil şəhid oldu...

Xanı deyirdi ki, əsgərin bir ayağı yox idi, o öz komandirinin nəşini həmin vəziyyətdə güclə sürüyüb gətirmişdi...

Xanı şəhid məzarı önündə deyirdi ki, mən bir şəhid məzarı, şəhid şəkli, abidəsi görəndə onda fəxr edirəm ki, azərbaycanlıyam... Oğullar vardı, dəfələrlə yaralandılar, amma yenə də döyüş yoldaşlarının yanına qayıdırdılar. Mənim də dostlarımın çoxu şəhid olub...

Sözün qısası, Xanı deyirdi ki, biz torpağımızı qoyub qaçmamışıq, bütün varlığımızla, silahımız olmayanda belə yalın əlimizlə vuruşmuşuq. Hətta düşmənə əsir düşənlərimizi də unutmamışıq. Onların izinə düşüb özümüzü oda-közə vurub gedib ermənilərin yeraltı “evləri”ni başlarına uçurmuşuq...

Xanı – Gizir Əhmədov Səyyaf Fiqan oğlu

“Xanı” ləqəbi ilə tanınan Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində sadə bir ailədə dünyaya göz açıb. 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddətdə ön cəbhəyə göndərilib. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak edib, düşmən arxasında cəsarəti və soyuqqanlılığı ilə seçilib. Döyüşlər zamanı 3 dəfə ağır yaralansa da yenidən yoldaşlarının yanına qayıdıb və vuruşmağa başlayıb. Onun yaxınları və döyüş dostları bildirirlər ki, Səyyaf Əhmədov dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas edib.

Gizir Səyyaf Əhmədovun xidmətləri dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən iki medalla təltif edilib. Bunlardan biri vətən uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə, digəri isə hərbi xidmətdə fərqləndiyi üçün verilib. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən də 5 medala layiq görülüb.

Ehtyatda olan polkovnik Azay Kərimov dünən kəşfiyyatçı Səyyaf  Əhmədov haqqında danışarkən deyib: “Xanı ilə uzun müddət bir yerdə xidmət etmişik. O, Kəşfiyyat bölüyünün tağım komandiri, mən isə qərargahda əməliyyatçı idim. Cəsarətli, sadə, olduqca ziyalı bir insan idi. Düşmən arxasına keçib dərinliklərə girib qayıdıb əməliyyat barədə məlumat verirdilər... Hər axşam zabit, gizir, əsgər fərq etməzdi, dizlərimiz üstündə erməniyə tərəf səngərlər qazırdıq. Ayağa durmaq olmazdı, ya uzanıqlı, ya da dizi üstə qazmalıydıq. Məqsəd ermənilərlə bizim aramızda olan 15 km neytral və baxımsız ərazini 20-25 metr ara məsafəsinə yaxınlaşdırmaq idi. Yəni erməni asqıranda belə biz bunu bu məsafədən eşitməli idik. Hətta elə olurdu ki, iki erməni postunun tən ortasını gizlicə qazaraq arxalarına keçirdik. Mühasirəyə düşməsinlər deyə ermənilər məcbur olub geri çəkilməli olurdular. Bax belə dizlərimiz üstə 30-35 km torpağı geri özümüzə qaytardıq. Xanı ilə bir dəfə düşmən arxasına kecdik. Xeyli iş gördük geri qayıdanda qəfil qabağımıza yerin altından bir qapı açıldı və içəridən işıq göründü. Təsadüfən   ermənilərin yeraltı tunellərinin üstünə çıxmışdıq. Xanı çölə çıxan ermənini vurdu, dalınca da içəri 2-3 əl qumbarası atdıq və ermənilərin səs-küyləri də kəsildi”. (Adalet.az)

Baku televiziyasından şəhid atası Fikrət Zeynalov bildirir ki, elə bir qəhrəman itirmişik ki, sanki oğlum indi şəhid olub…

Özünün tanımadığı adamlar onu görəndə ayaq saxlayırdılar. Onunla fəxr etdiklərini söyləyir, onun üçün nəsə etmək istədiklərini bildirirdilər. O, isə bundan utanar və gülümsəyərdi…

Xanı öz həyatı ilə bağlı xatirələrini danışanda birdən üzü işıqlanır. Deyir ki, mənim yaxşı səsim olub, Murad müəllimin tələbəsi olmuşam. Bir kənd uşağı üçün bu böyük sevinc idi. Ağdamda kənddən şəhərə Pionerlər evinə, sonra şahmat yarışlarına getmişəm. Bunlar çox xoş xatirələrdi və heç vaxt yadımdan çıxmır...

Haqqında çox eşitsəm də, yuxarıda dediyim kimi, özünü yaxından bircə dəfə yataqxanada görmüşdüm. Dünəndən o görüşü dönə-dönə xatırladım və bir də gördüm xatirə misralara dönüb.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman nurüzlü şəhidim!

 

Biz çoxdan görüşmüşdük

Yataqxanada, Xanı!

Yenə görüşəcəkdik

Ağdam, Şuşada, Xanı!

 

Bu xəbər gerçəkdimi?

Hamı Səndən danışır.

Qarabağ şikəstəsi

Bu gün qəmdən danışır.

 

Biz səndən öyrənmişik

Vətənini sevməyi.

Şəhid heç unutmur ki,

Təbəssümü, gülməyi...

 

Səni yəqin çox sevir

Bu cür yaradan, oğlan!

Ağdama bax, gülümsə

Belə, qaraca oğlan!