- Hava soyuyur, göy üzünü bulud alır, açıq səmada belə, günəş şüalarının parlaqlığı azalarır;
-Gözün öyrəşdiyi, könülləri oxşayan çəmənlər, gül-çiçək solur, yaşıl meşələr xəzan olur, xəfif meh saralmış yarpaqları mənbəyindən ayıraraq havada oynadır;
-Ağaclar da görkəmini dəyişib quru qol-budağa çevrilir;
-Hər yan çılpaq və cansız görünür;
-Sentyabrın axırlarında köç karvanının yaylaqdan kəndə enməsi ilə dağlar büsbütün kimsəsizləşir;
-Hava soyuduqca təbiət də üşüməyə başlayır, insanlar kimi;
-Gələn yaza qədər nəyin necə olacağını bilmək olmur...
Payız fəsli uşaqlıq yaddaşımda saysız-hesabsız belə izlər buraxıb. Hər payız yaylaqdan kəndə köçərkən necə kədərləndiyimi hələ də unuda bilmirəm...
Otuz ildən artıq hər fəslinə həsrət qaldığım Başlıbelin bu payızı...
Üç gün əvvəl orada idim, yayda qurduğum çadırı söküb gətirmək üçün getmişdim. Ötən gəftənin sonunda getdim...
Hava tutqun idi, deyəsən, dünən yağmışdı da. Boz duman dağların başında papaq kimi oturmuşdu. Tirkeşəvənd və Qaraxançallı kəndlərini keçib “Parağın darı”na çatar-çatmaz çiskin başladı. Başlıbelə yaxınlaşdıqca payızın soyuğu özünü daha çox göstərirdi.
Kənd tamamilə boş və kimsəsis idi. Yaydakı qələbəlikdən, çal-çağırdan əsər-əlamət qalmamışdı, fermerlər də sürülərini arana çəkmişdi. Payızın solğun ab-havası Başlıbeli bir az da soldurmuşdu. Ətrafda qəribə bir səssizlik hökm sürüdü...
Yenə həmin hisslər. Lap uşaq vaxtı olduğu kimi...
Kəndə çatan kimi çardağın altında nahara hazırlaşdıq. Süfrəni təzəcə yığışdırmışdıq ki, qəfildən yağan dolu təxminən bir saat davam etdi. İldırım çaxdaı, göy quruldadı, şimşəyin qızılı işıqları qaranlığı yarıb yox olurdu...
Hava çox soyuq idi, odun sobası gecə səhərə qədər yansa da, çadır isinmədi, üşüyürdük...
Səhər tezdən Yusif əmioğlunun səsinə oyandım: “Eeeey, durun görün bu gecə Dəlidağa necə qar yağıb”.
Neçənci dəfə olduğunu unutmuşam, evimizi bir daha ziyarət etdim. Yayda dağıntılar altından çıxarıb bir küncə topladığım əşyalara baxıb keçmişi xatırladım. Divarlara sığal çəkə-çəkə pilləkənin üzərinə çıxıb günbatana – Dəlidağa tərəf boylandım. Bulud seyrəlmiş, hava ayazımışdı. Dəlidağın qarlı zirvələri buradan daha aydın görünürdü. Ağ buludların arasında boylanan günəş niskilli Başlıbelə ilıq nəfəs verirdi...
İxtiyarsız halda vidalaşırmış kimi, əllərimi göyə qaldırıb Başlıbelin bu payızını da gördüyümə görə Tanrıya şükr etdim!
Yazda görüşənədək, Ata Ocağım!
Abad və firəvan günlərin qismətimiz olsun!
Başlıbel, 19-20 sentyabr 2025-ci il