26.09.2025, 07:37
AZ EN
27.08.2025, 12:00

Laçın günündə Xosrov bəy filmi

Şərif AĞAYAR

  • Avqustun 26-da Laçın şəhəri günü növbəti dəfə qeyd olundu və silsilə tədbirlər çərçivəsində, LaCinema Kino Mərkəzində böyük cümhuriyyətçi, müstəqil Azərbaycanın ilk müdafiə naziri və Qarabağın qubernatoru Xosrov bəy Sultanova həsr olunmuş “Laçın, Qubernator və Mən” sənədli filminin təqdimat mərasimi keçirildi.

Laçında fəaliyyət göstrən “Hoçazfilm”in istehsal etdiyi ekran əsrinin rejissoru Amil Məmiyev, ssenari müəllifi isə bəndənizdir.

Filmin istehsalı boyu üzərində o qədər yenilənmə getdi, o qədər fərqli ideyalar doğdu və əlavələr-montajlar edildi ki, ilk ssenaridən çox az şey qaldı. Ən axırda mən filmə həm də mütəxəssis kimi çəkilməli oldum. Hər şey öz yerində, Xosrov bəy haqqında xeyli məlumat əldə etdim, onu daha dərindən tanıdım və cümhuriyyəti yaradan böyük kişilər haqqında çox ciddi qənaətlərə gəldim.

Əvvəla onu deyim ki, cümhuriyyət dövrü qənaətbəxş səviyyədə araşdırılmayıb. Müstəqilliyimizin otuz dördüncü ilini yaşadığımızı nəzərə alsaq, Azərbaycan dilində məlumatlar lazımı qədər deyil. Xüsusən, daha az tanınan dövlət xadimləri haqqında tutarlı faktlar yox dərəcəsindədir. Yazılanların da bir çoxu publisistika janrından o tərəfə keçmir.

Xosrov bəy haqqında daha əhatəli, daha faydalı faktların axtarışında bir dəyişməz qərara gəldim: Azərbaycan Xalq Cümhuriyyətinin bütün hökumət nümayəndələrinin hər biri üçün ayrıca bir tədqiqatçı ayrılmalı, ayrıca bir elmi iş yazılmalıdır. Hətta Xosrov bəy kimi çoxşaxəli fəaliyyət göstərənlər haqqında bir neçə elmi kitab yazılmalıdır. Misal üçün biri onun cümhuriyyət dövrünə qədərki həyatı, təhsili, ictimai fəaliyyətidir. Xosrov bəy Gəncə (o zaman Yelizavetpol) oğlanlar gimnaziyasını qırmızı diplomla bitirən yeganə azərbaycanlıdır. Bundan sonra Xarkov Tibb Universitetinə qəbul olunub və orada sonralar Azərbaycan Respublikasına rəhbərlik edən Nəriman Nərimanovla tələbə yoldaşı olub.

Tələbə vaxtı başına qeyri-adi bir hadisə gəlib. Küçə ilə gedərkən sərxoş bir zabitin gənc bir qıza sataşdığını görür, müdaxilə edir. Duelə çıxmalı olurlar. Xosrov bəy zabiti məğlub etsə də, atışmada sağ gözünü itirir…

Küçədə tanımadığı bir xristian qız üçün gözünü qurban verən insan, öz vətəninin müstəqilliyi və xalqının azadlığı üçün nələr etməzdi?

O öz sonrakı həyatı ilə bu suala əməli cavab verdi.

Xosrov bəyin cümhuriyyət dövründəki fəaliyyəti ayrıca bir tədqiqat mövzusudur. Buraya həm onun nazir kimi, həm də qubernator kimi fəaliyyəti daxildir. Həmin dövrlə bağlı bir neçə fakt Xosrov bəyin necə böyük şəxsiyyət olduğunu göstərir. O, qısa vaxt ərzində Qarabağda Dronun, Zəngəzurda Andranikin silahlı dəstələrini darmadağın edərək, torpaqlarımızın suverenliyini təmin etdi və Ağdam-Şuşa arasında ilk hərbi paradı keçirdi.

Məhz buna görə, dahi Üzeyir bəy 1919-cu ildə “Azərbaycan” qəzetində çap olunan məqaləsində Xosrov bəyin həm intellektini, həm peşəkarlığını, həm də mütərəqqi dünyagörüşünü yüksək qiymətləndirərək, onu Qarabağa rəhbərlik üçün ən uğurlu kadr adlandırır.

Xosrov bəy həm də etibarlı bir insan idi. Tiflisdə cümhuriyyət elan olunandan sonra paytaxtın Gəncəyə köçürülməsi məsələsi qaldırıldı. Bunun üçün bu qədim Azərbaycan şəhərində vəziyyət ciddi şəkildə yoxlanmalı, dəqiq məlumatlar əldə olunmalı idi. Xüsusi komissiya yaratdılar və bu komissiyanın əsas üzvlərindən biri də Xosrov bəy idi.

Cümhuriyyət yarananda kadr çatışmırdı. Ali təhsil alan əksər insanı hökumətdə təmsil olunmağa çağırırdılar. Bu səbəbdən eyni komandada təmsil olunsalar da, biri-biri yaxşı tanımırdılar: kimin əsli-zatı kimdir, hansı əlaqələri var, dövlətçilik prinsiplərini nə qədər bilir və buna nə qədər sadiqdir və s. Lakin bu adamların hamısı Xosrov bəyi yaxşı tanıyır və ona inanırdılar. Çünki əsilzadə idi. Qardaşı Sultan bəy bütün Cənubi Qafqazda tanınırdı. Özü də müstəqilliyə qədər ciddi ictimai fəaliyyət göstərmiş, qəzetlərdə məqalələrlə çıxış etmişdi.

Xosrov bəyin cümhuriyyətin süqutundan sonra həbs olunması və birdən-birə Bayıl kimi ciddi qorunan bir yerdən qeybə çəkilməsi hələ də müəmma olaraq qalır. Cinayət işi açılıb, hətta Xosrov bəydən izahat da alınıb, lakin davam etməyib. İşə xitam da verilməyib. Hələ də açıq qalır həmin iş. Ortalıqda bir neçə ehtimal dolaşır və heç biri faktlarla sübuta yetirilməyib.

O bir də İranda peyda olur, Araz çayından aralanmayaraq bolşeviklərlə mübarizə aparır, mühacirətdəki hökuməti Bakıya qaytarmaq uğrunda ölüm-dirim savaşına girir. Bəzi mənbələrə görə, Gəncə üsyanının təşkilində Xosrov bəy yaxından iştirak edib. İş o yerə çatıb ki, sovet hökuməti Arazın o tayındakı “əksinqilabçıları zərərsizləşdirmək üçün” İran hökumətindən icazə alıb hərbi əməliyyatlara başlayır. Belə bir şəraitdə Xosrov bəy Güney Azərbaycanda qala bilməyib Türkiyəyə gedir.

Türkiyədəki həyatı da iki hissəyə bölünür: Avropa səfərləri ilə müşayiət olunan aktiv diplomatik fəaliyyət və yaşlı dövrünün nisbətən sakit həyatı, həkimlik fəaliyyəti...

Əlbəttə, bir filmdə bütün bu məsələləri əhatəli vermək mümkün deyil. Lakin ən vacib məsələlərə toxuna bilmişik. Filmin üstün cəhətlərindən biri də budur ki, Laçına qayıdış və bu gözəl torpaqlarda quruculuq işlərinin aparılması ilə müşayiət olunur. Beləliklə, film təkcə Xosrov bəy haqqında deyil, həm də onun doğulub-boya başa çatdığı Laçın torpağının düşməndən azad edilməsi və burada quruculuq işlərinin aparılması haqqındadır.

Bu gün Laçın şəhərinin içi ilə Şuşaya gedən yol – məşhur “Laçın dəhlizi” ömrünü Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda qurban verən Xosrov bəy Sultanovun adını daşıyır.

Abad Laçında ona həsr olunmuş sənədli filmin təqdimatı keçirilir.

Üstəlik sürəkli alqışlarla, sevinc göz yaşları ilə qarşılanır.  

Ruhu, əlbəttə ki, şaddır.

Biz də bu tarixi günlərə şahidlik etdiyimiz üçün sevinirik.

Belə mötəbər tədbirlərdə bizim də bir qaşıq duzumuz varsa, bu sevinc ikiqat çoxalır. 

Gözümüz aydın olsun.